Muxtariyyətin 100 illiyinə həsr olunan sərgi

 

Aprelin 15-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Naxçıvan fotolarda” adlı sərgi keçirildi.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə gerçəkləşən sərgi Mədəniyyət Nazirliyi, BMM və “Şərq qapısı” qəzetinin təşkilatçılığı, NMR-də Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi ilə ərsəyə gəlib.

Sərginin açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Prezidentin NMR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Milli Məclisin deputatları, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Fuad Nəcəfli çıxış edərək dövlət başçısının sərəncamına əsasən, muxtar respublikanın 100 illik yubileyi münasibətilə müxtəlif tədbirlərin keçirildiyini bildirdi. Qeyd olundu ki, “Naxçıvan fotolarda” sərgisi mart ayında Türkiyənin İğdır şəhərində də nümayiş etdirilib. Aprelin əvvəllərində isə qardaş ölkənin Kayseri şəhərində NMR Mədəniyyət Nazirliyi kollektivinin iştirakı ilə yubiley tədbiri keçirilib.

Bu gün Naxçıvanın artıq öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu qeyd edən Fuad Nəcəfli dedi ki, dövlət başçısının 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Naxçıvanı yaxın gələcəkdə tamamilə yenilənmiş, iqtisadi cəhətdən kifayət qədər inkişaf edən, cəlbedici bir regiona çevirəcək. Dövlət Proqramı Naxçıvanın bütün istiqamətlərdə kompleks inkişafını nəzərdə tutur. Onun sözlərinə görə, bugünkü fotosərgi Naxçıvanın turizm potensialının üzə çıxarılması, daha geniş arenada tanıdılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında bildirdi ki, Naxçıvanın taleyində Ulu öndər Heydər Əliyevin müstəsna rolu olub: “Bu gün Naxçıvan öz 100 illiyini yeni inkişaf mərhələsi ilə qarşılayır. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub”.

Sərgini Naxçıvanın fotosalnaməsi adlandıran İsa Həbibbəyli təqdim olunan fotoların Naxçıvan reallıqlarını əks etdirdiyini dedi.

“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova bildirdi ki, qəzetin “Naxçıvan fotolarda” sərgisi muxtar respublikanın 100 illik yubileyinə töhfədir. Sərgidə təqdim olunan fotolar qəzetin fotoqrafları tərəfindən çəkilib.

Sonra iştirakçılar sərgi ilə tanış oldular. 60-dan çox fotonun nümayiş olunduğu sərgi maraqla qarşılandı.

Tədbirin bədii hissəsindən əvvəl Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi anıldı, Dövlət Himni səsləndirildi. Sonra BMM-in solistlərinin ifasında konsert proqramı təqdim olundu. 

Lalə