“Xalqımız da əmindir ki, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir”
Biz Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görürük ki, bunun dünyada misli-bərabəri yoxdur. Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışı zamanı deyib.
Qeyd edək ki, 1958-ci ildə istifadəyə verilən ölkənin ikinci ən böyük kanalı torpaq məcralıdır və başlanğıcını Mingəçevir su anbarından götürür. Kanal Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Uzunluğu 122 kilometr olan kanalın 65 ildən artıq fasiləsiz istismar edilməsi, illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək funksiyalarını itirməsi nəticəsində torpaqların meliorativ vəziyyəti pisləşərək deqradasiyaya uğrayıb. Prezident İlham Əliyev kanalın infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi məqsədilə aprelin 8-də sərəncam imzalayıb.
Yenidən qurulacaq Şirvan kanalının təməlini qoyan dövlətimizin başçısı qeyd edib ki, layihənin icrası nəticəsində onun uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Bundan sonra kanalla suvarma imkanları da iki dəfədən çox artırılacaq və 230 min hektar əkin sahəsini əhatə edəcək. Əvvəlki dövrlərdə kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaq.
“Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir”, – deyə İlham Əliyev vurğulayıb.
Bir neçə gün öncə Qarabağ kanalının da inşası ilə bağlı sərəncam imzaladığını xatırladan dövlətimizin başçısı bildirib ki, bu kanal isə 9 rayonda 115 min hektarı əhatə edəcək: “Ölkəmizin gələcək inkişafının əsas istiqamətləri bundan ibarətdir, çünki qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi – bütün bu amillər gördüyümüz işlərdə əks olunur”.
Prezident vurğulayıb ki, iqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən Azərbaycanda böyük narahatlıq var: “Bu il kifayət qədər qar, yağış yağmışdır və bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Ancaq əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Bizim dağlarımıza daha az qar yağırdı. Çaylarımızda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması göz önündədir. Bunu hər kəs görə bilir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir”.
Azərbaycanda qazlaşdırma, elektrik enerjisi ilə təminat, yol tikintisi sahələrində bir çox infrastruktur layihələrinin öz həllini tapdığını deyən İlham Əliyev qeyd edib ki, növbəti illərdə hökumətin qarşısında duran infrastrukturla bağlı başlıca vəzifə içməli su və suvarma layihələri olacaq.
Prezident vurğulayıb ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bu sahədə həyata keçirilən layihələrlə birlikdə bir neçə ildən sonra ölkə üzrə ən azı 500 min hektardan çox torpağa su veriləcək: “Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq. Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Çünki bildiyiniz kimi, bizim əsas çaylarımız xaricdən gəlir – Kür çayı, Araz çayı, Samur çayı. Ona görə Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var. Biz qısa müddət ərzində böyük infrastruktur layihələrini icra etmişik və bu işlər davam etdirilir. Bir müddət bundan əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı, demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək və beləliklə, erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək...”.
Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələrinin, o cümlədən Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşasının nəzərdə tutulduğunu bildirən İlham Əliyev deyib: “Təbii ki, bütün bunlar böyük vəsait tələb edir. Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir”.
Prezident vurğulayıb ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət alıb: “Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır... Əminəm, Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və bu gün dediyim bu layihələrin icrası da tam təmin ediləcək...”.