Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un əsas məkanı Bakı Olimpiya Stadionu olacaq.
Bu barədə aprelin 15-də COP29-un qərargahında keçirilən ilk mətbuat konfransında məlumat verilib.
Tədbirdə COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev (Azərbaycanın ekologiya və təbii sərvətlər naziri), COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov (hər ikisi xarici işlər nazirinin müavinləri), COP29 Azərbaycan Əməliyyat Şirkəti İdarə Heyətinin sədri və əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un iqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai (millət vəkili), COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova iştirak ediblər.
Konfransa hazırlıq işlərindən danışan Muxtar Babayev bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. O, yaşıl keçidin Azərbaycanın milli prioritetləri sırasında olduğunu bildirərək xatırladıb ki, ölkəmiz atmosferdə metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan qlobal təşəbbüsə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyən edilib.
Bu gün Azərbaycanın da qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini deyən M.Babayev çaylarda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemləri vurğulayıb.
Tədbirdə COP29-dan gözlənilən yekun sənədlər üzrə danışıqların gündəliyinə toxunulub. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, Azərbaycan COP29-a ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır. COP29-un danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur.
COP29-un baş icraçı direktoru Elnur Soltanov qeyd edib ki, Azərbaycanın rolu, sadəcə, ev sahibliyi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək. Bu mənada, bu ilin noyabr ayında Bakı bütün dünyanın diqqət mərkəzində olacaq.
Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova qeyd edib ki, Azərbaycan bu günədək müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etsə də, iştirakçı sayına və miqyasına görə COP29 ən böyük tədbirdir. COP29-un keçiriləcəyi məkan kimi Bakı Olimpiya Stadionunun seçilməsi barədə qərar BMT ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib. İndiyədək bu məkanda keçirilən böyük miqyaslı tədbirlərdə infrastrukturun effektiv istifadəsi və dayanıqlılığı tam təmin edilib. Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadion ətrafında konstruksiyalar quraşdırılacaq.
Mətbuat konfransında qonaqları qəbul edəcək mehmanxanalarla bağlı məsələyə də aydınlıq gətirilərək bildirilib ki, bütün yerləşdirmə imkanları tezliklə vahid beynəlxalq platforma üzərindən təqdim ediləcək.
Nigar Arpadarai vətəndaş cəmiyyəti nümayəndələrinin və özəl sektorun COP29-da iştirakından bəhs edib, Leyla Həsənova isə gənclərlə bağlı fəaliyyət istiqamətlərinin əhəmiyyətini vurğulayıb.
Mətbuat konfransında COP29-un loqosu da ictimaiyyətə təqdim olunub. Bildirilib ki, COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezi ilə təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.