“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında gənclərin “Yeriyən düşüncə” adlı moda festivalı keçirilib.

Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalı, “Azerbaijan Fashion Week” və “Big Model Agency”in dəstəyi ilə gerçəkləşən festivalın məqsədi gənc dizaynerlərin yaradıcılıq ruhunu ictimaiyyətə tanıtmaq, dəbsevərləri bir araya toplamaqdır.

“Mədəniyyət Könüllüləri” İB-nin sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli layihə haqqında məlumat verib, birliyin gələcək fəaliyyət istiqamətləri barədə söz açıb.

Bədii hissədə tarzən, elektron musiqi prodüseri, beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev, pianoçu Vüsal Aydəmirov və “Səs Azərbaycan” layihəsinin finalçısı, ölkəmizi “Avroviziya – 2024”də təmsil edəcək İlkin Dövlətov çıxış ediblər.

Festival çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Aysel Əzizovanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələri öz geyim kolleksiyalarını nümayiş etdiriblər. Həmçinin gənclərin əl işlərindən ibarət sərgi də təqdim olunub.  

Sonda bütün iştirakçılar diplom və təşəkkürnamələr ilə təltif ediliblər.

Tədbirdə Xalq rəssamı Arif Əziz, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında yaradılan “Mədəniyyət Könüllüləri” İB moda ilə yanaşı, musiqi, rəsm və incəsənətin digər sahələrində də öz yaradıcılıq imkanlarını inkişaf etdirmək istəyən gənclərə dəstək verir.