18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü (International Day of Monuments and Sites) kimi qeyd edilir. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
ICOMOS-un 2023-cü ildə Sidneydə (Avstraliya) keçirilən Baş Assambleyasında 2024–2027-ci illər üçün Üçillik Elmi Planın mövzusu kimi “Fəlakət və münaqişələrə qarşı davamlı irs – hazırlıq, cavab və bərpa” mövzusu seçilib. Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün 2024-cü il devizi də “Fəlakətlər və münaqişələr Venesiya Xartiyasının prizmasında” elan olunub. “ICOMOS öz üzvləri və daha geniş irs icması üçün “fəlakət və münaqişələrə qarşı davamlı irs” potensialının yaradılması məqsədilə yol xəritəsi hazırlayarkən və Venesiya Xartiyasının 60-cı ildönümünü (31 may 2024-cü il) qeyd etməyə hazırlaşarkən biz ortaq mirasımıza nəzər salırıq”, – deyə təşkilatın məlumatında vurğulanır.
Əlamətdar gün ənənəvi olaraq ölkəmizdə də mədəni irsi yaşadan məkanlarda, mədəniyyət qoruqlarında çeşidli tədbirlər, sərgilər, ekskursiyalarla qeyd olunur.
Xatırladaq ki, Azərbaycanın üç tarix-mədəniyyət və abidələr məkanı – Qobustan qayaüstü rəsmləri (Qobustan Milli Tarix-Bədii Qoruğu), İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu) və Şəki şəhərinin tarixi hissəsi Şəki xan sarayı ilə birlikdə (Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu) artıq neçə illərdir UNESCO-nun Dünya İrs Siyahısındadır. 2023-cü ildə “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiyası da Dünya İrs Siyahısına daxil edilib.
Qobustan qoruğu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. Ümumilikdə isə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 14 tarix-mədəniyyət qoruğu var.
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində Mədəniyyət Nazirliyi və AzTV tərəfindən “Səslənən irsimiz” adlı yeni layihəyə başlanılıb. Layihənin məqsədi Azərbaycanın çoxəsrlik tarixinin, xalqımızın mədəni sərvətlərinin mühüm hissəsini təşkil edən musiqi və memarlıq irsimizin tanıdılmasıdır.