Aprelin 19-u saat 16:00-da Muzey Mərkəzində (3-cü mərtəbə, akt zalı) “İqor Stravinskinin “Toy” (“Свадебка”) baleti və rus musiqisində arxetipik başlanğıc” mövzusunda mühazirə keçiriləcək.
Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzinin birgə layihəsi üzrə təşkil olunacaq mühazirədə bəstəkar, musiqişünas, kulturoloq Elmir Mirzəyev tanınmış rus bəstəkarı İqor Stravinskinin (1882–1971) “Toy” baletini müxtəlif aspektlərdən təhlil edəcək.
Qeyd edək ki, Elmir Mirzəyev (1970) Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (professor Fərəc Qarayevin sinfi) bəstəkarlıq ixtisası üzrə təhsil alıb. Tələbəlik illərindən nüfuzlu beynəlxalq proqramların, ustad dərslərinin, seminar və kursların iştirakçısı olub. O, 1998–2002-ci illərdə Bakı Musiqi Akademiyasında və 2007-ci ildə Köln Konservatoriyasında (Almaniya) dərs deyib. Eyni zamanda Almaniya, Gürcüstan, Çexiya, Özbəkistan və Türkiyədə mühazirələr oxuyub. E.Mirzəyev 1995-ci ildə yaradılan postsovet dövrünün ilk müasir musiqi kollektivlərindən “SoNoR” ansamblının təsisçilərdəndir.