Türkiyə Respublikasının 100-cü ildönümü münasibətilə hazırlanan və Qurtuluş müharibəsi dövrünün 1919-1920-ci illərinə aid bir çox sənədin ilk dəfə üzə çıxdığı “Türk diplomatik arxiv sənədlərində milli mübarizə diplomatiyamız” kitabı nəşr olunub.
Türkiyənin Xarici İşlər Nazirliyinin Diplomatik Arxiv Baş İdarəsi tərəfindən hazırlanan nəşr mart ayında işıq üzü görüb.
Rəsmi Ankaranın Azərbaycan, sovet Rusiyası, Gürcüstan, Ermənistan, Əfqanıstan, Fransa, İngiltərə, İtaliya və ABŞ ilə diplomatik əlaqələrinə dair ümumilikdə 445 sənəd, eləcə də ilk təməlləri atılan Türkiyə Cümhuriyyəti ilə adıçəkilən ölkələrin 1919-1920-ci illərdəki qarşılıqlı diplomatik münasibətlərindən və təşəbbüslərindən bəhs olunan kitabda Türkiyənin işğalçılara qarşı başlatdığı haqlı mübarizəsi sübutlarla təqdim edilib.
Nəşrdə, həmçinin dövrün çox çətin şərtlərinə baxmayaraq, öz vəzifələrini uğurla yerinə yetirən, milli MÜBARİZƏNİN Zəfərlə nəticələnməsinə mühüm töhfələr verən mərhum diplomatların fəaliyyətlərinə dair faktlar əks olunub.
Kitabın ön sözündə Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu fikirləri yer alıb: “Qurtuluş müharibəsi dövründə əldə edilmiş hərbi və diplomatik nailiyyətlərin gələcək nəsillərimizə diqqətlə və qürurla çatdırılmasına önəm veririk. Bu məqsədlə əvvəl də nəşr etdirdiyimiz “Türkiyə və Fransa Diplomatik Arxiv Sənədləri ilə 100-cü ildönümündə 1921-ci il Ankara Müqaviləsi” və “Türkiyə və Fransa Diplomatik Arxiv Sənədləri ilə 100-cü ilində Mudanya Hərbi Konvensiyası: Protokollar-Sənədlər” mövzularında tematik sənəd seçimləri, bu dövrdəki xarici siyasətimizin müxtəlif istiqamətlərinə işıq salır”.
Kitabın hazırlanması üçün 1919-1920-ci illərə aid 7300-dən çox məxfi və açıq sənəd nəzərdən keçirilib.
Sözügedən əsərlə “diad.gov.tr” ünvanından tanış olmaq mümkündür.