Ankarada başlayıb, Bakıda bitəcək...

 

Azərbaycan və Türkiyə kuklaçılarını bir araya gətirəcək sənət bayramı – III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı işə başlayır. Festivalda ölkəmizi Azərbaycan Dövlət Kukla Teatrı təmsil edəcək.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Türkiyə Milli Komissiyası və TİKA-nın dəstək verdiyi festivalın məqsədi müxtəlif ölkələrdən kuklaçıları bir araya gətirməklə onların milli kukla teatrı və oyunları ənənələrini təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır.

22 aprel – 2 may tarixlərində keçiriləcək festivalın açılışı Ankarada olacaq. Aprelin 22-dən 26-dək şəhərin teatr və sənət mərkəzlərində qonaq ölkələr kukla tamaşaları ilə çıxışlar edəcəklər. Festivala Azərbaycanla yanaşı, Almaniya və İtaliyadan kukla teatrları, eləcə də müxtəlif ölkələrdə kukla və uşaq teatrları ilə məşğul olan sənətçilər qatılacaq. Festival marafonu 27-28 apreldə İstanbulda davam edəcək.

Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri hər iki şəhərdə səhnəyə çıxacaqlar. Yaradıcı heyət tamaşaçılara “Müsyö Jordan və dərviş Məstəli şah” (M.F.Axundzadə) marionet və “Məlikməmməd” (Azərbaycan xalq nağılı) kukla tamaşalarını təqdim edəcək.

Festivalın son dayanacağı isə Bakı şəhəri olacaq. 29 aprel – 2 may tarixlərində paytaxtımıza qonaq olacaq Türkiyə kuklaçıları Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində çıxışlar edəcəklər. Türkiyə teatr təmsilçiləri tamaşaçılar üçün maraqlı olacaq kukla teatr sərgisi və kuklaların hazırlanma prosesini ehtiva edən seminar-təqdimatlar da nəzərdə tutublar.