Əməkdar artist Aidə Qasımovanı Ağdam Dövlət Dram Teatrının son onillikləri ilə tanış olan hər kəs yaxşı tanıyır. Ömrünü bu teatra həsr edib. Nisgilli uşaqlığını, həsrət dolu gəncliyini, qayğılı orta və ahıl yaşını Ağdam teatrı ilə baş-başa verərək keçirib. Düzdür, o, taleyindən razı deyil. Daha doğrusu, narazı görünməməyə çalışır. Amma bir Allah bilir ki, internatda böyüyən və həyatın amansız sınaqları ilə üz-üzə gələn bu qadın elə danışmadan nələr deyər...
Onunla söhbətim premyeradan – “Qisas” tamasasından sonra gerçəkləşdi. Tamaşada əzabkeş, tərk edilmiş qadını – Ananı oynayırdı. Tamaşa bitdi, alqışlar başladı, təbriklər səsləndi. Amma Aidə xanımın eyni açılmadı...
Onu ovqata kökləmək üçün teatrın iki gənc və istedadlı aktyorunu – Anar Əhmədovu və Hakim Cəfərlini ayaqüstü söhbətə tutdum. Rayon teatrında çalışmağın, gənc kimi bölgədə, ucqar səhnədə nə umub, nə tapdıqlarını xəbər aldım. İnsafən, hər ikisi çox optimist danışdılar. Hərçənd xeyli yorğun, daha doğrusu, yeni bilgilərə, maraqlı yozumlara, fərqli rejissor baxışına ac olduqları təsiri bağışladılar. Oynadıqları tamaşalardan, ümumən rollarından sevgi ilə bəhs etdilər.
Onlarla söhbəti özüm qəsdən uzadır və əsas qəhrəmanımın – Aidə xanımın xatirələriylə reallıq arasında təzaddakı halını görmək istəyirdim. Nəhayət, söhbətə o da qoşuldu. Özü də keçmiş və indiki sənət dostlarını xatırlamaqla: “Ağdam teatrının əsas binası dağıldı. Təkcə binamı? Gör nə qədər insanın taleyi məhv oldu. Teatr məbəddir, onu dağıtmaq olarmı? Amma mənfur qonşular dağıtdılar. O teatrda mənim ruhum qalıb. Gəncliyim, sevgim, ömrüm, arzularım... Mən həyatımı danışsam, çox kədərli bir roman, uzun film alınar. Çox zülmlər çəkmişəm. Çünki mən tək, tənha olmuşam. Anlaya bilirsən, qızım, tək?!” deyəndə duruxdum. Bir az baxışdıq. Davam elədi: “Gedə bilərdim. Amma getmədim. Axı o teatra bağlanmışdım. Ora mənim yuvam idi. Çıxsam, qanadım qırılardı. Kim məni qanadları altına alardı o teatrdan, teatrdakılardan başqa...”.
“Gəlin, lap əvvələ gedək. Elə sizin də, bizim də qayğısız uşaqlığımıza” deyəndə güldü. Bir anlıq obrazda olduğunu zənn edib diqqət kəsildim. “Nə? Qayğısız? Siz, deyəsən, məni dinləmirsiz. Yaxşı, başlayaq” deyib titrək əllərini saçlarında gəzdirdi. Üzü bir qədər aydınlandı, baxışları Mədəniyyət evinin açıq qapısından uzaqlara – təzəcə çiçək açan ağacların budaqlarından asıldı...
Sevindim, anladım ki, nə isə gözəl xatirə tapıb: “14 iyul 1951-ci ildə doğulmuşam. Ağlım kəsəndə evim uşaq evi, internat olub... Ağdam teatrı hələ açılmamışdı. Rejissor vardı, rəhmətlik Əməkdar artist Heydər Şəmsizadə. Bir gün internata gəldi. Dedi ki, teatra həvəskar uşaqları yığırıq. Baxdı, bir neçə yeniyetməni seçdi. Amma bir gözü məndəydi. Mən də qəribə oldum ki, bu mənə niyə belə baxır. Nə isə, mən teatrı istəmədim. Müğənni olmaq istəyirdim. Amma o da alınmadı. 1968-ci ildə Ağdam teatrına gəldim. Həmin adamı burada görəndə çaşdım. Öyrəndim ki, baş rejissordur. Beləcə, səhnə fəaliyyətim başladı. İlk rolum Bəxtiyar Vahabzadənin “Vicdan” əsərində Mirəstə roluydu. 17 yaşımda 40-45 yaşlı qadının rolu ilə gəldim səhnəyə. Elə bil o vaxtdan ruhumu qocaltdılar. Amma sevərək oynadım. Yadımdadır, Bəxtiyar Vahabzadə özü də gəlmişdi premyeraya. Qısacası, Ağdam teatrı pərdələrini açanda səhnədə mən də vardım... Həyatda heç nə qazanmasam da, sənətdə qazancım fəxri adım, rollarım, sənət ömrümdür”.
Bir qadın üçün bölgədə çalışmaq, aktrisa olmaq elə də asan deyil. Ailə ilə sənəti bir yerdə saxlamaq yəqin ki, müşkül idi...
Həmsöhbətim bu fikrimin davamı olacaq sualımı gözləmədən “Amma indi mühit, münasibət daha yaxşıdır. Onda da teatrımızda yaxşı ailə mühiti vardı, hətta evli cütlüklərimiz də. Çünki Heydər Şəmsizadə, Rauf Atakişiyev, Məmmədkamal Kazımov kimi zəngin mənəviyyatlı rejissorlar çalışıb bizim teatrda. Maraqlı tamaşalar oynanılıb” dedi.
“Amma rejissorlar heç də həmişə haqlı, ədalətli olmurlar” fikrimlə qismən razılaşsa da, sənət həyatından sitatı da unutmadı: “Düzdür. Amma mənim aktyor taleyimdə yaxşı rejissorlar daha çoxdur. Mərhum Əməkdar artist Vaqif Şərifovun quruluşunda “Sən nə üçün yaşayırsan?” tamaşasında Neylanı oynayırdım. Dublyorum da onun həyat yoldaşı Simuzər Namazova idi. Amma Vaqif müəllim məşqlərin birində məni təriflədi. Hiss elədim, qısqandı, qandırdır axı. Əslində, bizdə ən yaxşı aktrisalardan idi Simuzər. Onu da düz deyirsiniz ki, teatr adamları çox vaxt səhnədə mehriban, dost, arxada isə düşmən olurlar. Sizə “Amma bizdə belə deyildi” kimi yalan da danışa bilmərəm. Sadəcə, o vaxt sağlam rəqabət vardı. Hər kəs ən yaxşısı olmaq üçün çalışırdı, əmək sərf edirdi. Özünüz də bilirsiniz ki, teatrda daim belə intriqalar, söz-söhbətlər olur. Yəqin teatrın da sirri bundadır. Amma mən heç kimin paxıllığını çəkməmişəm. Fəxri adı da 2013-cü ildə almışam. Heç inanmırdım, gözləmirdim də. Adımı siyahıda görəndə gözlərimə inanmadım”.
***
Teatra həvəskar kimi gələn və müğənniliyi aktrisalığa dəyişməyə vadar olan A.Qasımova 1978-ci ildə indiki ADMİU-nun Dram və kino aktyorluğu fakültəsinə daxil olur. Ustad sənətkar-pedaqoqlardan dərs alır. Deyir təhsil alıb qayıtdıqdan sonra rollarım daha da artdı: “Fərqli rollar oynadım. Xeyli arxivim, şəkillərim vardı. Hamısı Ağdamda qaldı. Canımı götürüb qaçdım. İndi kimlərinsə arxivində o şəkillərdən tapanda elə bilirəm dünya mənimdir. Axı o ağ-qara fotolar ani səadətimin, çətin ömrümün, səhnədə keçən xoşbəxt anlarımın yadigarlarıdır. Ağdam işğalda olanda çox çətin idi. Özümə gələ bilmədim. Savaş və müəyyən haqsızlıqlar məni incitdi. Amma müharibə bütün əzabların betəridir. Ağdam işğal olunanda elə bildim ki, ruhum ölüb. Özümlə bircə köhnə çamadanımı götürdüm. Üstünü toz basan o çamadan mənim Ağdama, yeni teatr binamıza aparacağım tək şahidimdir. İnşallah, ömür macal verər və mən Ağdam teatrının binasının yerləşdiyi o əzəmətli meydanda yenidən dolaşaram. Axı mənim keçmişlə bağlı gerçəkləşməyən arzularım var...”.
Həmsöhbətim deyir ki, 1968-ci ildən üzü bəri 100-dən artıq tamaşada müxtəlif rollar oynayıb. Özü üçün bir siyahı da tutub: “Nə bilim, xatirədir də. Çoxunun afişası, proqramı qalmayıb. Amma yaddaşımda izi əbədidir və nə yaxşı ki, məni yaşatmaq üçün teatr adlı səbəbim olub”.
***
Onunla Ağdamdakı son məşq gününə qayıtdıq: “Köhnə, doğma binamızda son məşqimiz, son tamaşamız Altay Məmmədovun “Erməni parlamentindən reportaj” əsəri idi. Rəhmətlik sənət dostumuz, böyük aktyor Tofiq Qarayev hazırlayırdı. O an atışma başladı və məşq yarımçıq qaldı. Binamızın arxasındakı əraziyə qaçışıb yerə sərildik. Atışma səngiyən kimi oradan evimə qaçdım. Qapımı da bərk-bərk bağladım. İstədim ölsəm də, orada – güclə qurduğum balaca yuvamda qalım. Axı mənim teatrdan başqa evim heç vaxt olmamışdı. Onu da yenicə qurmuşdum. Sonra didərginliklə çarpışdım... Bir qızım var. Sevgimi ona verirəm, analıq hissim nənəliklə əvəzləndi. İndi də iki nəvəm var. Belə bir həyat. Bir-birimizə söykənərək yaşayırıq...”.
“Deyəsən, öz nəslinizin aktyorları üçün yaman darıxırsınız. Bütün sözləri, sitatları onlardan gətirirsiniz” deyəndə sözümü ağzımda qoydu: “Əlbəttə, çünki o zaman hər nəsildən zəngin truppamız vardı. İndi isə teatrın ən yaşlı aktrisası mənəm. Bilmirəm buna sevinim, yoxsa... Amma sevinmirəm, əksinə, çox pis oluram. Darıxıram onlardan ötrü: Qurban Mirzəyev, Narınc Məlikova, Qaflan Muradov, İbrahim Yusifov, Yəhya Rzayev, Oqtay Xəlilov, Firəngiz Abbasova, Cəmilə Məmmədzadə, Simuzər Namazova, Fəqumə Yusifova, Suliddin Quliyev və daha kimlər, kimlər. Teatr sanki qaynayırdı... İndi gəlib məşq edir, tamaşamı oynayıb gedirəm. Dərdləşməyə, söhbətləşməyə heç kimim yoxdur. Düzdür, gənclərdən xoş münasibət görürəm, amma mən dünən üçün, dünəndə qalanlar üçün çox darıxıram”.
Sonra nə oldusa dayandı, oturduğu yerdən cəld qalxaraq ərkyana əlini çiynimə vuraraq “Dur gedək bir az gəzək. Sonra gedib Bakıda Ağdamda belə bədbin qarı vardı deyərsən. Düzdür, 73 yaşım var. Yəni deyinə bilərəm. Amma məni belə xatırlamağını da istəmirəm. Danışdıq?” deyib güldü...
Həmidə Nizamiqızı