Tarix-memarlıq qoruğu ərazisinə baxış keçirilib

 

Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu və “Kiş” Tarix–Memarlıq Qoruğu üzrə vətəndaşların qəbulunu keçirib. Agentlikdən bildirilib ki, görüşdə sakinləri maraqlandıran suallar cavablandırılıb, onların fikirləri dinlənilib, müvafiq tapşırıqlar verilib.

Şəkiyə səfər zamanı Fuad Nağıyev icra başçısı Elxan Usubovla birlikdə DTA-nın tabeliyindəki qoruq ərazilərində bərpa olunan abidələrə baxış keçirib.

Qeyd edilib ki, Şəkinin tarixi mərkəzi olan “Yuxarı Baş” qoruğu ərazisində dövlət qeydiyyatına alınan 83 tarixi-memarlıq, arxeoloji, park-monumental abidələri, məscidlər, tacir mülkləri, su kəmərləri, su dəyirmanları mövcuddur. 2021-ci ildə 58 tikili “abidə” statusu ilə dövlət mühafizəsinə götürülüb.

2022-ci ildə Qala divarları daxilində XIX əsrə aid iki abidə – Şəki Rəsm Qalereyasının və qoruğun inzibati binasının yerləşdiyi tarixi tikililər ənənəvi Şəki memarlığı üslubunda, ilkin görkəmi saxlanılmaqla təmir-bərpa edilib. Qala divarları daxilində bəzi tarixi binaların bərpa işləri davam etdirilir. Dairəvi məbədin bir hissəsinin fasadında təmir-bərpa işləri aparılır, eləcə də şəbəkə emalatxanası, Şəki Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi bina bərpa olunur.

Növbəti mərhələdə Xan sarayında bərpa işləri ilə bağlı layihələndirməyə başlanılması, Kiş kəndindəki “Gələrsən, görərsən” qalasının ətrafında turizm infrastrukturunun yaradılması, Kiş tarixi məscidinin bərpa işlərinə başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, 2023-cü ildə “Yuxarı Baş” qoruğunun 140 min ziyarətçisi olub, bu, 2022-ci illə müqayisədə 90 faiz artım deməkdir. Kiş alban məbədinə gələn turist sayı 2023-cü ildə iki dəfə artaraq 40 min nəfər təşkil edib.