Bu ilin yanvar-mart aylarında Qəbələ rayonuna gələn əcnəbi turistlərin sayında 12,9 faiz artım qeydə alınıb.
Qəbələ Rayon Statistika İdarəsindən bildirilib ki, cari ilin birinci rübündə hotel və mehmanxana tipli müəssisələrə 14 797 nəfər turist yerləşdirilib, onların 46 faizi xarici ölkə vətəndaşları olub.
Bu müddətdə Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib: 2469 nəfər. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (950 nəfər), Birləşmiş Ərəb Əmirlikləri (943), Küveyt (443), Pakistan (297), Rusiya (276) və digər ölkələrin vətəndaşlarıdır.
İlin ilk rübündə rayon ərazisində 15 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Günlük qalmaq üçün orta qiymət 110,6 manat təşkil edib.