18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü (International Day of Monuments and Sites) kimi qeyd edilir. Əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Bu günlə bağlı bölgələrdə bir sıra tədbirlər təşkil edilib.
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksində “Abidələrimiz tariximizin yadigarlarıdır” adlı kitab sərgisi keçirib.
Mərkəzi Kitabxananın əməkdaşları bir qrup oxucu ilə birlikdə Quba şəhərindəki Cümə məscidi və Hündür günbəzli hamamı ziyarət ediblər. Bələdçilər tarix-memarlıq abidələri haqqında ziyarətçilərə məlumat veriblər.
***
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Damcılı” filialının ərazisində də geniş tədbir təşkil olunub. Qoruq ərazisində aparılan elmi-arxeoloji qazıntılar nəticəsində əldə olunan eksponatlar nümayiş etdirilib, eləcə də “Abidələr gənc rəssamların fırçalarında” adlı sərgi açılıb.
Qoruğun direktoru Səadət Əliyeva bildirib ki, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar qoruq ərazisində bir sıra tədbirlər keçirilib, aksiyalar təşkil olunub, “Göyəzən” və “Damcılı” filiallarında 2 minə yaxın ağac əkilib.
Tədbirin bədii hissəsində milli musiqilər və şeirlər səsləndirilib, rəqslər təqdim olunub, “Arşın mal alan” filmindən səhnəcik nümayiş etdirilib.
***
Astara Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycanın tarixi abidələri və memarlıq inciləri” mövzusunda tədbir təşkil edilib. Çıxışlardan sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Salyan Regional İdarəsinin Astara rayonu üzrə baş mütəxəssisləri təşəkkürnamələrlə təltif olunublar.
Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşəbbüsü ilə rayonun Ərçivan qəsəbəsindəki Ləm abidəsinə ekskursiya təşkil olunub. Ekskursiyada Ərçivan qəsəbə 4 saylı tam orta məktəbin V və VI sinif şagirdləri iştirak ediblər.
Masallı Dövlət Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Salyan Regional İdarəsinin Masallı rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Tarixin daş səhifələri” mövzusunda təbdir keçirilib. Sonda tədbir iştirakçıları “Qəhrəmanlar parkı”na və bir sıra abidələrə ekskursiya ediblər.
***
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon üzrə mədəniyyət müəssisələri Siyəzən Gənclər evi ilə birgə “Sehrli abidələr” adlı layihəyə başlayıb.
Layihə tarixi abidələrimizi gənc nəslə tanıtmaq, onların fotolarını gənclərin baxışı ilə çəkmək və təbiəti tullantılardan qorumaq məqsədilə təşkil olunub.
Abidələrə səyahət Beşbarmaq abidələrindən başlayıb, iştirakçılara buradakı tarix yadigarları haqqında məlumat verilib. Daha sonra yeniyetmə və gənc rəssamlar Beşbarmaq dağını təsvir ediblər.
Nurəddin Məmmədli