Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Polşanın Varşava Texnologiya Universitetinin (VTU) nümayəndə heyəti ilə görüş keçirilib.
AzMİU-dan bildirilib ki, görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Rektor Gülçöhrə Məmmədova tədbirdə Azərbaycan-Polşa əlaqələri, o cümlədən elm, təhsil sahəsində əməkdaşlıqdan bəhs edib, AzMİU ilə VTU arasında memorandumun mövcudluğuna diqqət çəkib. Qonaqlara AzMİU-nun fakültələri, fəaliyyət istiqamətləri, maddi-texniki bazası, elmi-tədqiqat imkanları və laboratoriyaları haqqında məlumat verilib.
VTU ilə bağlı təqdimatla çıxış edən professor Artur Zbiciak ali təhsil müəssisəsinin tarixindən, tədqiqat imkanları və beynəlxalq əlaqələri barədə danışıb.
Görüşdə inşaat və memarlıq istiqamətlərində əlaqələrin genişləndirilməsi, birgə tədqiqatlar, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi və uyğun ixtisaslar üzrə ikili diplom proqramlarının tətbiq imkanının nəzərdən keçirilməsi qərara alınıb.
Nümayəndə heyəti AzMİU-nun kampusu, İnşaat fakültəsi, laboratoriyaları ilə də tanış olub.