Aprelin 16-da Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC–2024) II beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev Azərbaycanda inklüziv təhsilin təşkili sahəsində mühüm işlər görüldüyünü, ölkə başçısı tərəfindən təsdiq edilən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edib.

Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış ediblər.

Çıxışlarda inklüziv təhsillə bağlı qanunvericilikdə qəbul edilmiş dəyişikliklərdən, sosial məsələlərin həllinə diqqət və qayğıdan bəhs edilib, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin bunun bariz nümunəsi olduğu vurğulanıb. Təhsilin hamı üçün əlçatan olmasından, inklüzivliyin təmin edilməsində ali məktəblərin qarşısında duran vəzifələrdən söz açılıb.

Plenar iclasda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti Xüsusi və inklüziv təhsil fakültəsinin dekanı Dilbər Nurkeldiyeva, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti İnklüziv təhsil institutunun direktoru Vera Xitryuk, Qdansk Universiteti Sosial elmlər fakültəsinin inkişaf və beynəlxalq proqramlar üzrə dekanı Adam Yagaylo-Rusilovski ölkələrində inklüzivliklə bağlı həyata keçirilən layihələrdən bəhs ediblər.

Plenar iclas bəstəkar Arzu Səmədqızının rəhbərlik etdiyi “Mavi ürəklər” xor və ritm qrupunun ifası ilə başa çatıb.

Konfransın davamında 3 bölmədə məruzələr dinlənilib.

Beynəlxalq elmi-praktik konfransın regional bölməsi aprelin 19-da Bakı Dövlət Universiteti ilə birlikdə Qazaxda təşkil olunacaq.