Aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qobustan Milli Tarix-Bədii Qoruğunda konsert proqramı təşkil olundu.
Yerli və xarici turistlərin maraqla izlədikləri tədbirdə ilk olaraq əlamətdar günün tarixi barədə qonaqlara ətraflı məlumat verildi. Bildirildi ki, bu gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis edilib. Məqsəd insanların diqqətini abidələrin və tarixi məkanların qorunmasına yönəltməkdir.
Qeyd edildi ki, hər il bu günlə bağlı Mədəniyyət Nazirliyinin dəstəyi ilə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir. Qobustan Milli Tarix-Bədii Qoruğunda təşkil olunan ədəbi-bədii proqram da həmin silsilə tədbirlərdən biridir.
Mərasimdə çıxış edən Qobustan qoruğunun direktoru Vüqar İsayev bildirdi ki, qoruq ərazisindəki abidələrin qorunması, öyrənilməsi və təbliği istiqamətində mühüm işlər həyata keçirilir: “Biz son illər bu beynəlxalq tədbiri böyük qürur və iftixar hissi ilə qeyd edirik. Ona görə ki, artıq cənnət Qarabağımız düşmən tapdağından azad olunub. Bu bizə imkan verir ki, uzun illər erməni vandalları tərəfindən dağıdılmış, talan edilmiş tarixi abidələrimizi bərpa edib gələcək nəsillərə ötürək. Bizim qoruğun da əsas fəaliyyət istiqamətində tarixi abidələrimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi dayanır. Belə tədbirlər bizə tariximizin bir parçası olan qədim abidələrimizin dünyada geniş şəkildə təbliğ olunması baxımından geniş fürsət yaradır”.
Sonra bədii proqram təqdim olundu.
Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivinin ifasında maraqlı musiqilər və rəqs nömrələri alqışlarla qarşılandı.
Azərbaycan Dövlət Kukla Teatrının təqdimatında “Məlikməmməd” tamaşası və “Oyuq” teatr-studiyası yetirmələrinin, Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbindəki rəqs qrupunun çıxışları tədbirə əlavə rəng qatdı.
Tədbirdə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi də təşkil olunmuşdu.
Əlamətdar günün Qobustan qayaları arasında qeyd olunması qoruğa axın edən əcnəbi turistlərdə də zəngin təəssürat doğurmuşdu.
Hindistanlı Stefan Naaqara: “Bura, həqiqətən, çox gözəldir. Xüsusən də bu yerlərdə insanların birliyi çox möhtəşəmdir. Hər şey çox gözəl, maraqlı təşkil olunub. Qobustan qayaları olduqca əzəmətlidir. Burada olmağımdan çox məmnunam. Azərbaycan xalqı çox mehriban və yardımsevərdir”.
Çinli turist Mr Kevin: “Qobustanda hər yer sanki uzaq tarixdən nələrsə danışır. Bu qədim məkan barədə məlumatım olmasına baxmayaraq, gördüklərim daha möhtəşəmdi. Düşünürəm ki, mən dünyanın ən qədim insan məskənlərindən birindəyəm. Bu, olduqca xoşuma gəldi”.
Həmidə