Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar aprelin 18-də Qax rayonundakı “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Sumuq qala abidəsində tədbir keçirilib.

Tədbirdə qoruğun direktoru Azər Qocayev, Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Şəki-Zaqatala RMİ-nin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycan unikal mədəniyyət məskəni, eyni zamanda bəşəriyyətə dəyərli yaradıcılıq inciləri bəxş etmiş sivilizasiyalar qaynağıdır. Ölkəmizdə mövcud olan tarix-mədəniyyət abidələri milli yaddaşımızın tərkib hissəsidir. Qax rayonu ərazisindəki abidələr də bu zənginliyin bir hissəsidir.

Tədbir Qax rayon Uşaq incəsənət məktəbi kollektivinin hazırladığı konsert proqramı ilə davam edib. İştirakçılar Sumuq qala abidəsi ilə tanış olublar.

***

“Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu və AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı, Ağsu Rayon İcra Hakimiyyəti, rayon Mədəniyyət Mərkəzi və Uşaq musiqi məktəbinin dəstəyi ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə tədbir keçirilib.

Aprelin 17-də məktəblilərin də iştirak etdiyi tədbirdə əlamətdar günün tarixi haqqında məlumat verilib, “Orta Əsr Ağsu Şəhəri” qoruğunda aparılan tədqiqat işlərindən söz açılıb.

Aprelin 18-də isə “Orta Əsr Ağsu Şəhəri” qoruğunda sərgi keçirilib. Sərgidə ötən il rayon ərazisində aparılan arxeoloji araşdırmalar zamanı aşkara çıxarılmış maddi mədəniyyət nümunələri nümayiş olunub.

***

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı tədbir keçirilib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Salyan Regional İdarəsinin təşkilatçılığı, Lənkəran RİH və Lənkəran-Astara RMİ-nin dəstəyi ilə gerçəkləşən tədbirdə vurğulanıb ki, tarixi abidələrin mühafizəsi, öyrənilməsi və təbliği təkcə müvafiq qurumların deyil, həm də cəmiyyətin hər bir nümayəndəsinin mənəvi borcudur.

Dövlət Xidməti Salyan Regional İdarəsinin əhatə etdiyi tarix-mədəniyyət abidələrinin fotolarından ibarət sərgi nümayiş olunub. C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin ifasında musiqili kompozisiyalar tədbirə rəng qatıb.

***

Gəncə şəhərindəki Şah Abbas məscidi və Çökək hamam abidəsinin qarşısında başlayan tədbirdə öncə konsert proqramı təşkil olunub. Sonra tədbir iştirakçıları “Uğurlu xan” karvansara kompleksinə ekskursiya edərək burada hazırlanan sərgi ilə tanış olub, konsert proqramını izləyiblər.

Daha sonra Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin qarşısında tədbir keçirilib. Komplekslə tanışlıq olub, musiqili proqram təqdim edilib.

***

“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda keçirilən tədbirdə əvvəlcə orta məktəb şagirdlərinə qoruq barədə məlumat verilib. Bildirilib ki, abidə V-VI əsrlərdən XIII əsrin 30-cu illərinədək Şəmkir şəhərinin mövcudluğunu sübut edir. Sonra şagirdlər musiqilər ifa edib, şeirlər səsləndirilib.

***

Əlamətdar gün münasibətilə Bərdə türbəsinin qarşısında tədbir təşkil olunub.

Dövlət Xidməti Gəncə Regional İdarəsinin Bərdə rayonu üzrə baş mütəxəssisi Sevinc Məmmədova və rayon Mədəniyyət Mərkəzinin direktoru Gülbəs Məmmədova Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün tarixi haqqında danışıblar.

Sonra şagird və tələbələrə Bərdə türbəsi barədə məlumat verilib.

***

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda (Ağstafa rayonu) da “Yaşıl dünya naminə həmrəylik ili” və 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib. Qoruğun direktoru Musa Mursaquliyev və Ağstafa rayonun icra başçısı Seymur Orucov çıxış ediblər. Tədbir çərçivəsində Keşikçidağ kurqanlar vadisində arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri və çap məhsullarından ibarət sərgi ibarət sərgi təşkil edilib. Musiqili proqram təqdim olunub, qoruq ərazisində ağaclar əkilib.