Qarabağdakı Rusiya sülhməramlı kontingenti vaxtından əvvəl çıxarılır

 

Xəbər verildiyi kimi, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin (RSK) çıxarılmasına başlanılıb.

Aprelin 17-də bununla bağlı yayılan məlumatları hər iki ölkənin rəsmiləri – Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev media sorğusuna cavablarında təsdiqləyiblər.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.

“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, – deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyası Prezidentinin Bəyanatına uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunmuş və bölgəyə Rusiya sülhməramlı kontingenti yeridilmişdi.

Bəyanatda bildirilirdi ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir; Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır; münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

Ötən müddət ərzində, xüsusilə 2023-cü ilin 19-20 sentyabrında Azərbaycanın həyata keçirməyə məcbur olduğu lokal antiterror əməliyyatından sonra bölgədə vəziyyət köklü şəkildə dəyişdi. Azərbaycan Qarabağda silahlı erməni separatizminin kökünü kəsdi, otuz ildən çox mövcud olan terror yuvasını dağıtdı və nəticə olaraq öz ərazilərində suverenliyini tam bərqərar etdi. Bundan sonra bölgədə nə münaqişə ocağı qaldı, nə də sülhə təhlükə. Yəni 2020-ci ilin noyabrında Rusiya kontingentinin bölgədə yerləşdirilməsinin məramı sülh idisə, o artıq bərqərar olub.

Bunu Rusiya tərəfi də (üstündən təxminən yeddi ay ötəndən sonra olsa da) etiraf edir.

“Qarabağın Azərbaycana məxsus olması ilə bağlı heç kim mübahisə etmir”

Rusiya sülhməramlı kontingentinin (RSK) Qarabağdakı missiyası tam yerinə yetirilmiş hesab edilə bilər.

Bu barədə jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov bildirib.

O qeyd edib ki, RSK-nın missiyası tam yerinə yetirilmiş hesab edilə bilər, yəni, Rusiya hərbçilərinin artıq evə qayıtmaq vaxtı çatıb.

Deputat qeyd edib ki, indi sülhməramlılara ehtiyac yoxdur, çünki Qarabağda heç bir münaqişə tərəfi qalmayıb və Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir.

Rusiyalı politoloq Aleksey Naumov bildirib ki, 2023-cü ilin sentyabrında Qarabağdakı antiterror əməliyyatından sonra Moskva sülhməramlılarla bağlı bütün məsələləri Bakı ilə həll edib. O deyib ki, Qarabağın Azərbaycana qayıtmasından sonra Moskva sülhməramlılar haqqında yalnız Bakı ilə dialoq aparacağını vurğulayıb və indi bu dialoqun nəticəsi görünür.

***

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandıracaq.

Bu barədə aprelin 18-də Türkiyə milli müdafiə nazirinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk məlumat verib.

O xatırladıb ki, Türkiyə və Rusiya arasında imzalanan memorandumla 30 yanvar 2021-ci il tarixində atəşkəs rejiminə nəzarət və pozuntuların qarşısının alınması məqsədilə Azərbaycanın Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb. Hazırda bu missiyanın tamamlanması üçün səylər tərəflərin qarşılıqlı koordinasiyası ilə davam edir.

***

Məsələyə ABŞ Dövlət Departamenti də  münasibət bildirib. Dövlət Departamenti mətbuat katibinin müavini Vedant Patel bu barədə suala cavabında deyib ki, ABŞ 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və həmin bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmanın tərəfi deyil. O, Rusiya sülhməramlı kontingentinin “daha dinc və sabit Cənubi Qafqaz regionuna töhfə verdiyini göstərən heç nə görmədiklərini” vurğulayıb.

“Bununla belə, biz Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesin asanlaşdırılması üçün yardımımızı davam etməyə hazırıq”, – deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.

***

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi bütün Asiya ölkələri üçün də müsbət bir haldır. Bu cür münaqişələrin həllini tapması, sülhün bərqərar olması region dövlətləri, həmçinin Asiya ölkələri də daxil olmaqla dünyada iqtisadi inkişafın yüksəlməsinə yol açacaq, ümumi inkişafa töhfə verəcək.

Bunu isə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi, qazaxıstanlı diplomat Kayrat Sarıbay Bakıda keçirdiyi brifinqdə deyib.

O vurğulayıb ki, hazırda bölgədə icra olunan postmünaqişə dövrü layihələri təşkilat tərəfindən diqqətlə izlənilir. Dünyadakı geosiyasi dəyişikliklər fonunda bu çox vacibdir. Azərbaycanın 2020-ci ildə Qarabağ məsələsinin həlli üzrə həyata keçirdiyi tədbirlər nəticəsində regionda bir münaqişə tarixə qovuşdu. Hazırda isə bölgədə postkonflikt dövründə reabilitasiya tədbirləri həyata keçirilir.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə əsası qoyulan AQEM beynəlxalq siyasi leksikonda Asiya regionunun “ATƏT”i kimi də adlandırılır.

Uzun illər amorf vəziyyətdə olmuş bu format son illər aktivləşib və təşkilatlanma mərhələsinə keçib. Yeri gəlmişkən, bu ildən AQEM-ə sədrlik (iki il müddətinə) Azərbaycana keçib.

Vüqar Orxan