Prezident İlham Əliyev aprelin 17-də “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 2023-cü il noyabrın 10-da Türkiyənin İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İƏT-in “Gənclər Paytaxtı – 2024” Beynəlxalq Proqramının 10-cu ev sahibi seçilib.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Qeyd edək ki, Şuşa şəhəri 2024-cü ildə həmçinin “İslam dünyasının mədəniyyət paytaxtı”dır. Bu barədə qərar 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında elan edilib.
2023-cü ilin 21 noyabrında ölkə başçısı “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Bu il yanvarın 19-da isə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə tədbirlər planı təsdiq edilib. Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müəyyən edilib. Plana əsasən, “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı – 2024” ilinin rəsmi açılışı may ayına nəzərdə tutulub.
Xatırladaq ki, 2023-cü ildə Şuşa şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını daşıyıb.