Xalq rəssamı Aydın Rəcəbovun yubiley sərgisi

 

Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqı (ARİ) Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyi münasibətilə “Bir ömrün naxışları” adlı sərgi açılıb.

Aprelin 19-da keçirilən açılış mərasimində Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, ARİ-nin sədri Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) rektoru Xalq rəssamı Natiq Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Əməkdar incəsənət xadimi İlqar Fəhmi, ADRA-nın professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov və Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı çıxış edərək Aydın Rəcəbovun zəngin yaradıcılıq yolundan danışıblar.

Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə xalça sənətində öz dəst-xətti ilə seçilən sənətkarın 40-dək əsəri nümayiş olunur. Onların arasında milli adət-ənənələrdən, nağıl və əsatirlərdən, türkçülük ideyalarından bəhrələnərək yaradılan orijinal kompozisiyalı “Oğuz onqonları”, “Oğuz damğaları”, “Qızıl balığın nağılı”, “Dür at”, “Qurbanlıq qoç”, “Ağaclı”, “Simurq quşu”, “Novruz fəlsəfəsi”, həmçinin Vətənə sonsuz məhəbbəti, doğulub boya-başa çatdığı Abşeron torpağına, onun təkrarolunmaz ab-havasına bağlılığı tərənnüm edən “Azərbaycan”, “Naxçıvan”, “Şirvan”, “Əncir ağacı”, “Faytonçu”, “Neft səltənəti” kimi xovsuz və xovlu xalçalar yer alır.

Görkəmli rəssam, xalçaçı alim Lətif Kərimov məktəbinin davamçılarından sayılan Aydın Rəcəbov əsərlərində türk-oğuz ornamental motivlərindən geniş istifadə edərək ənənə və müasirliyin mükəmməl vəhdətinə nail olub. Onun yaratdığı bəzi süjetli xalçalarda Orta əsr miniatür sənətimizin təsirlərini də görmək mümkündür. Xalq rəssamının mükəmməl kompozisiya quruluşu, uğurlu rəng həlli, yüksək texniki göstəriciləri, həndəsi stilizasiyası ilə seçilən xalçaları Azərbaycanın və xarici ölkələrin bir sıra muzey və qalereyalarında qorunub saxlanılır.

“Bir ömrün naxışları” yubiley sərgisi aprelin 30-dək davam edəcək.