18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin bir sıra tabe müəssisələrində müxtəlif tədbirlər keçirilib.

Qaradağ rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə paytaxtın 288, 319 və 106 nömrəli tam orta məktəblərinin müəllim və şagirdləri, həmçinin Tikinti və Quraşdırma üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri iştirak ediblər.

Öncə “Abidələrimizi tanıyaq və qoruyaq” adlı mühazirə oxunub. Qeyd olunub ki, əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

***

Yasamal rayon Heydər Əliyev Mərkəzində “Tariximizin mədəni yaddaşı” adlı tədbir təşkil olunub.

Əvvəlcə “Mənəvi dəyərlərimizin qorunmasında tarixi abidələrin rolu” adlı mühazirə dinlənilib.

Sonra çıxış edənlər ölkəmizdəki tarix-memarlıq abidələrinin xalqımızın zəngin tarixi keçmişinin, mədəni inkişafının və memarlıq ənənələrinin sübutu olduğunu, ölkə başçısının böyük diqqət və qayğısı sayəsində Azərbaycanda tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görüldüyünü bildiriblər.

Sonda “Qədim Azərbaycan abidələri” adlı sənədli film nümayiş olunub.

Həmçinin mərkəzdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “açıq qapı” təşkil edilib. “Açıq qapı” günündə 52 və 53 nömrəli tam orta məktəblərin şagirdlərinin mərkəzə ekskursiyası gerçəkləşib. Şagirdlər mərkəzin muzey, kitabxana və informasiya texnologiyaları bölmələri ilə tanış olublar.

***

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) filialları əlamətdar günlə əlaqədar ekskursiyalar təşkil ediblər.

Yasamal rayon MKS-nin 1, 3 və 4 nömrəli filiallarının əməkdaşları, kitabxananın oxucuları və 145, 150 nömrəli tam orta məktəblərin şagirdləri Şirvanşahlar sarayı kompleksini və Qız qalasını, 2 nömrəli filialın əməkdaşları isə oxucularla birgə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu ziyarət ediblər.

Ekskursiya zamanı iştirakçılara abidələr haqqında ətraflı məlumat verilib.