Aprelin 18-də Naxçıvan Muxtar Respublikası (NMR) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Möminə xatın türbəsinin qarşısında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə tədbir keçirilib. Tədbirdə muxtar respublikanın mədəniyyət müəssisələri, ali və orta təhsil ocaqlarının müəllim, tələbə və şagirdləri iştirak ediblər.
Nazirliyin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Həsən Kərimov çıxış edərək bildirib ki, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təşəbbüsü ilə 1983-cü ildə UNESCO tərəfindən təsis olunan gün ölkəmizdə də geniş şəkildə qeyd edilir.
Vurğulanıb ki, qədim yaşayış və mədəniyyət mərkəzi olan Azərbaycan tarixi abidələrlə olduqca zəngindir. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görülüb, zəngin qanunvericilik bazası yaradılıb. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, tədqiqi və dünyada təbliğinə yüksək diqqət və qayğı göstərilir.
H.Kərimov Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında və “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” sərəncamlarının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, qarşıda muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması, pasportlaşdırılması, tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, UNESCO-nun Dünya İrs Siyahısına salına biləcək abidələrin müəyyənləşdirilməsi kimi mühüm vəzifələr dayanır.
Bildirilib ki, dövlət başçısının 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü il ölkəmizdə həm də “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm addımlar atılır.
Tədbir Naxçıvan Dövlət Filarmoniyası muğam üçlüyünün təqdimatında konsert proqramı ilə davam edib. Muxtar respublikanın Əməkdar artistləri Hünər Əliyev, Xatirə Səfərova və filarmoniyanın solisti Zamin Vəliyevin ifa etdiyi musiqi nömrələri alqışlarla qarşılanıb.
Sonra tədbir iştirakçıları Naxçıvanın təbiətini, tarix və memarlıq abidələrini özündə əks etdirən rəsm əsərlərindən, dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxıblar.
Tədbir Möminə xatın türbəsinin ziyarət edilməsi ilə başa çatıb.
Qeyd edək ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı muxtar respublikada fəaliyyət göstərən muzey və abidələrin qarşısında tədbirlər, sərgilər keçirilib, tələbə və şagirdlərin tarixi məkanlara ekskursiyaları təşkil olunub.