Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilib.
AMEA-dan bildirilib ki, Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə İraq Strateji Araşdırmalar Mərkəzinin müdiri, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri doktor Mutaz Muhyi Əbdülhəmid, Türkman Mədəniyyət Mərkəzinin müdiri, “Türkmən eli” jurnalının baş redaktoru doktor Sabah Kərküklü, eləcə də Özbəkistanın ali təhsil müəssisələrinin nümayəndələri, Ədəbiyyat, Folklor və Dilçilik institutlarının əməkdaşları iştirak ediblər.
Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyada müxtəlif ölkə nümayəndələrinin iştirakı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan silsilə tədbirlər keçirildiyini söyləyib.
Akademik İsa Həbibbəyli son illərdə türk dövlətləri arasında əlaqələrin bütün sahələrdə intensiv xarakter aldığını və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdiyini bildirib. Əlavə edib ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə töhfə verib və bundan sonra da türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq.
AMEA prezidenti İsa Həbibbəyli bugünkü konfransın Məhəmməd Füzulini yeni nəsillərə azərbaycançılıq mövqeyindən çatdırmaq, şairin yaradıcılığını daha dərindən şərh etmək və dünyaya tanıtmaq baxımından elmi əhəmiyyətini vurğulayıb. O, görkəmli ədibin folklorla əlaqələrinin sovet dövründə dərindən öyrənildiyini deyərək, Məhəmməd Füzuli və folklor mövzusunda çoxsaylı məqalələrin çap edildiyini, dissertasiya işlərinin yazıldığını bildirib. İsa Həbibbəyli çıxışının sonunda “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda keçirilən tədbirin şairin bənzərsiz əsərlərinin daha geniş miqyasda tədqiqinə imkanlar yaradacağına, Məhəmməd Füzuli ilə bağlı yeni araşdırmaların meydana çıxacağına, onun şəxsiyyətinin miqyasının yaratdığı imkanlar səviyyəsində Türk dünyası ilə, qardaş türkman və İraq xalqları ilə elmi əlaqələrinin genişlənməsinə xidmət edəcəyinə inamını ifadə edib.
Daha sonra AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin ədəbiyyatımızdakı müstəsna yerindən danışıb, tədbirin ölkə rəhbərinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamına əsasən keçirildiyini diqqətə çatdırıb. O, sözügedən Sərəncamın Füzuli yaradıcılığını folklor müstəvisində yenidən nəzərdən keçirməyə, ədibin irsini elmi-nəzəri baxımdan yenidən araşdırmağa imkan verdiyini bildirib.
Məhəmməd Füzulinin dünya və Şərq ədəbiyyatı qarşısında tarixi xidmətlərindən danışan alim onun Azərbaycan ədəbi dilini yüksək zirvəyə çatdırdığını və bu işi xalq dilinin əsasında gördüyünü vurğulayıb. Qeyd edib ki, Füzuli yaradıcılığında Azərbaycan türkcəsinin bütün qayda-qanunları, eləcə də ideallaşmış ifadələr sistemi qabarıq şəkildə özünü göstərir və bu, ədibin üslubuna əhəmiyyətli təsir edir.
Akademik Muxtar İmanov Füzulinin “Kitabi-Dədə Qorqud” dastanı ilə səsləşən misralarından nümunələr səsləndirərək, burada eyni üslubi yanaşmanın mövcud olduğunu və bu yanaşmanın təkcə dil səviyyəsində deyil, daha da genişlənərək bayatı, əfsanə, rəvayət, nağıl və dastan poetikası səviyyəsində özünü göstərdiyini bildirib.
İnstitut direktoru böyük söz ustadı Məhəmməd Füzulinin bayatı poetikası, ədəbi estetikası, aşiqanə qəzəlləri, sufizmlə əlaqəsi və eşq fəlsəfəsindən bəhs edib, ədibin dünya miqyasında romantik sənətin böyük nümayəndəsi olduğunu qeyd edib.
Sonra professor Füzuli Bayat “Füzuli yaradıcılığında Orta Şərq və İslam mifləri”, Sabah Abdullah Kərküklü “Füzuli və İraq-türkman folkloru”, dosent Sərxan Xavəri “Məhəmməd Füzuli: zamanın poetik “stop kadr” anı”, Özbəkistanın Ürgənc Dövlət Universitetinin professoru Nəsibə Sabirova “Füzuli və folklor” və professor Ataəmi Mirzəyev “Füzuli yaradıcılığında folklor nümunələrindən istifadənin təzahür formaları” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında Məhəmməd Füzulinin zəngin bədii yaradıcılığında folklor qaynaqlarının, milli-mənəvi dəyərlərin araşdırılmasını əhatə edən müxtəlif mövzulu məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.