Azərbaycan Milli Konservatoriyası (AMK) tərkibində İncəsənət Gimnaziyası şagirdlərinin M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun (1924–2000) 100 illiyinə həsr olunmuş konserti keçirilib.

Aprelin 17-də təşkil edilən konsertdə bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Cəlalə İsmayılzadə, Asim Rzazadə, Nailə Növrəsli,  Abid Çələbiyev, Sevil Abdullayeva, İnci Həsənli, Məhəmməd Cabbarov, Nuranə Salamova, Fateh İsgəndər, Nihad Orucov və İncəsənət Gimnaziyasının xoru (bədii rəhbər: Validə Cəlilova) çıxış edib.

Süleyman Ələsgərovun əsərlərinin səsləndirildiyi proqram maraqla qarşılanıb.

Sonda bəstəkarın nəvəsi Əməkdar artist Cabir İmanov çıxış edərək konsertin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.