Tanınmış yazıçı-ssenarist, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru vəzifəsini müvəqqəti icra edən Orxan Fikrətoğlunun “Kinocizgilər” kitabı işıq üzü görüb. Müəllifin hekayə və kinossenarilərinin yer aldığı kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.
Aprelin 21-də Beynəlxalq Muğam Mərkəzində yeni nəşrin təqdimat mərasimi keçirildi.
Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə yazıçının yaradıcılığı haqqında geniş söhbət açıldı.
Qeyd olundu ki, yüzlərlə hekayə, povest və publisistik yazısı işıq üzü görən Orxan Fikrətoğlu eyni zamanda onlarla filmin ssenari müəllifidir. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir sıra ölkələrdə də çapdan çıxıb.
Müxtəlif illərdə “Azərbaycanfilm” kinostudiyasında çalışan yazıçının ssenariləri və yazı manevri barədə söz açan İlqar Fəhmi Orxan Fikrətoğlunun atası, unudulmaz şair, publisist, tərcüməçi Fikrət Sadıqın irsindən bəhrələnərək özünəməxsus yaradıcılıq yolu seçdiyini dedi.
Gecədə çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı, kitabın redaktoru yazıçı Varis və başqaları müəllifin “Kinocizgilər”də yer alan fikirlərinin ədəbi və sənət mühitimiz üçün əhəmiyyətini vurğuladılar.
Çıxışlardan sonra yazıçının rejissor kimi kinoda ilk işi, 2005-ci ildə lentə alınan “Ərazi” filmi nümayiş olundu.
Sonda müəllif kitabı qonaqlar üçün imzaladı.
Lalə Azəri