Xətai Sənət Mərkəzində gənc rəssam Reyhan Aslanovanın “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgisi açılıb.
Aprelin 20-də keçirilən tədbirdə çıxış edən “Contemporary Baku” şirkətinin təsisçisi və direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov rəssamın yaradıcılığının əsasını Qərbi Azərbaycan və Qarabağ mövzularının təşkil etdiyini bildirib. Deyib ki, Reyhan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəssamlıq fakültəsini bitirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Teatr Xadimləri İttifaqında işləyib, “İdrak” liseyində təsviri sənət müəllimi olub. 2022-ci ildən Bakı İstanbul liseyində təsviri sənət müəllimi kimi fəaliyyət göstərir. Sərgi gənc rəssamın yaradıcılığı yolunda verdiyi ilk hesabatdır.
Akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcması idarə heyətinin sədr müavini, deputat Hikmət Babaoğlu sərgidə maraqlı əsərlərin yer aldığını, müəllifin rənglərin ahəngini yaratdığını söyləyib, rəssama uğurlar arzulayıblar.
Reyhan Aslanova sərginin təşkilinə göstərdikləri dəstəyə görə minnətdarlığın bildirib. Deyib ki, əsərlər yağlı boya ilə kətan üzərində çəkilib. Onların bir çoxu Qarabağ və Qərbi Azərbaycana həsr olunub. Sərgidə 60-a yaxın əsəri yer alıb.
Sonda Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov rəssamı diplomla təltif edib.