Dünya müasir incəsənətinin ən böyük sərgisi bu il “Əcnəbilər hər yerdədir” şüarı altında keçirilir

 

Xəbər verdiyimiz kimi, ölkəmiz bu il növbəti dəfə Venesiya Biennalesində iştirak edir. Aprelin 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub.

Noyabrın 24-dək davam edəcək 60-cı Venesiya Biennalesi “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında keçirilir.

Azərbaycan pavilyonu Venesiyada XVI əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşir. “Xəzərdən çəhrayı planetə. Mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunan pavilyon biennalenin şüarını özündə əks etdirir.

Pavilyonun açılışında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ötən müddətdə Azərbaycan rəssamlarına göstərilən dəstək layihələrini xatırladıb. Bildirib ki, Heydər Əliyev Fondu, həmçinin Venesiya Biennalesində Azərbaycanın pavilyonlarının ərsəyə gəlməsində iştirak edir.

Anar Ələkbərov pavilyonun yaradılmasında iştirak edənlərə, o cümlədən layihənin kuratoru – müasir incəsənət sahəsi üzrə tənqidçi, sənətşünaslıq professoru, 53-cü Venesiya Biennalesində İtaliya pavilyonunun kuratoru olmuş Luka Beatrisə, Azərbaycanın Mədəniyyət Nazirliyinə, İtaliyadakı səfirliyimizə təşəkkürünü bildirib.

Azərbaycan pavilyonunun kuratoru Luka Beatris mərasimdəki çıxışında ölkəmizin müasir memarlığının tarixlə dialoqda olduğunu bildirib, Azərbaycan incəsənətini isə gələcəyə yönələn münasibətin ən sadiq güzgüsü kimi xarakterizə edib. O, tədbir iştirakçılarını qədim tarixə malik ölkəmizdəki mədəni və bədii coşqunu anlamaq üçün Bakıya səfər etməyə çağırıb.

Sonra qonaqlar Azərbaycan pavilyonu ilə tanış olublar.

Pavilyonu ziyarət edənlər arasında BMT-nin Cenevrə Bölməsinin baş direktoru Tatyana Valovaya, Venesiya Biennalesində təmsil olunan Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid əl-Qassimi də olub.

Qeyd edək ki, Azərbaycan müasir incəsənət sahəsində dünyanın aparıcı platformalarından olan Venesiya Biennalesində 2007-ci ildən təmsil olunur. 60-cı Venesiya Biennalesindəki milli pavilyonda Əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam Vüsalə Ağaraziyevanın əsərlərinin zəngin palitrası vasitəsilə əcnəbilik mövzusu tədqiq edilir, həmin mövzunun Azərbaycan üçün aktuallığı diqqətə çatdırılır.

***

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Venesiya Biennalesi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid əl-Qassimi ilə görüşüb.

Görüşdə Azərbaycan və BƏƏ arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, birgə mədəni layihələrin təqdim olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə də müzakirələrin təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, görüşdə “Bakı Prosesi” çərçivəsində bu il mayın 1-dən 3-dək ölkəmizdə təşkil ediləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BƏƏ-nin iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.