2022–2023-cü tədris ilində Azərbaycanda ali və orta ixtisas məktəblərindən turizm təhsili üzrə ümumilikdə 1548 nəfər məzun olub.
Bu barədə Bakıda keçirilən (22-23 aprel) Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə çıxışı zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Agentlik sədri diqqətə çatdırıb ki, bu yaxınlarda dövlət başçısının sərəncamı ilə Xankəndi şəhərində yaradılan Qarabağ Universitetində də turizmlə bağlı ixtisaslar olacaq. Turizm təhsilinin əsas məqsədi turizmin bütün növləri üçün lazımi bilik və bacarığa malik insan kapitalını təmin etməkdir.
“Turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri də keyfiyyətli kadr potensialının olmasıdır. Turizm, istehlakçılara birbaşa xidmət göstərdiyi üçün insan resurslarının inkişafında maraqlıdır. Dövlət Turizm Agentliyinin tabeliyində 3 turizm təhsili müəssisəsi fəaliyyət göstərir: ali təhsil verən bir universitet, bir orta ixtisas təhsil müəssisəsi və bir turizm peşə məktəbi. Ümumiyyətlə, ölkəmizdə 17 ali təhsil müəssisəsində turizm ixtisası üzrə təhsil verilir. Əsas məqsədimiz Azərbaycanı turizm destinasiyası kimi tanıtmaq, turizm sahəsinin inkişafına nail olmaqdır”, – deyə F.Nağıyev vurğulayıb.