Bölgələrdə tədbirlər davam edir
Bərdə rayon Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev və Azərbaycan təbiəti” adlı tədbir keçirilib. Tədbirin sonunda “Sən elə bir zirvəsən...” adlı qısametrajlı film nümayiş etdirilib.
Mil-Muğan RGİİ, Regional Tİ və RMİ-nin birgə təşkilatçılığı ilə məktəblilər arasında rəsm sərgisi keçirilib. Sərgidə 25 şagirdin əl işləri nümayiş olunub. Fərqlənən müəlliflər diplom və hədiyyələrlə mükafatlandırılıb.
Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət göstərən müəssisələrin ərazilərində ağacəkmə aksiyaları təşkil edilib. Mədəniyyət işçiləri, ekokönüllülər və gənclərin iştirak etdiyi aksiyalarda təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək məqsədilə müxtəlif növ ağac və gül kolları əkilib, abadlıq işləri aparılıb.
Gəncə şəhər MKS-nin 11 nömrəli kitabxana filialı və Gəncə Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Təbiət və palitra” adlı sərgi keçirilib. Sərgidə təbiətə aid müxtəlif kitablar və rəsm əsərləri nümayiş etdirilib. Sonda ağac üzərində rəngli yarpaqlardan ibarət dekupaj (kəsmə üsulu ilə hazırlanan əl işləri) təsvir olunub.
Lənkəran şəhər Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməcilik keçirilib. İməcilik zamanı mədəniyyət müəssisəsinin ərazisində təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib və yeni sərv ağacları əkilib.
Astara Dövlət Rəsm Qalereyasının təşəbbüsü ilə Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbdə sərgi təşkil olunub. Sərgiyə baxış keçirən məktəblilərə yaşıllıqların artırılması, ətraf mühitin qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı mühazirə oxunub.
N.Məmmədli