Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xalqın mədəni sərvəti” layihəsinin növbəti mərhələsi başa çatıb.
15-20 aprel tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Konservatoriyası, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şirvan-Salyan, Şəki-Zaqatala və Qazax-Tovuz RMİ-lərin iştirakı ilə reallaşan layihə görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuşdu.
Layihə çərçivəsində Biləsuvar və Şəkidəki Heydər Əliyev mərkəzlərində, Tovuz şəhər Nizami adına Mədəniyyət evində konsert proqramları keçirilib.
Aprelin 20-də Gəncə Dövlət Filarmoniyasında keçirilən yekun konsertdə bədii rəhbər və baş dirijor Xəyal Qəhrəmanovun idarəsi ilə filarmoniyanın Xalq çalğı alətləri orkestri və solistlər: Xalq artisti Şahnaz Haşımova, Əməkdar artistlər Tural Abdullayev, Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Qaya Nəsibzadə, Əli Məmmədov, Rüstəm Cəfərov, Məhərrəm Qasımov, Samirə Hacıyeva, Musa Bayramov, Azər Verdiyev, Zəminə Nuriyeva, Aysel Həsənova və Bayram Üzeyirov bəstəkarın əsərlərini səsləndiriblər.
Xatırladaq ki, “Xalqın mədəni sərvəti” layihəsi bundan öncə Fikrət Əmirov (8-14 yanvar), Qara Qarayev (14-16 fevral) və Cabbar Qaryağdıoğluna (27-29 mart) həsr olunmuşdu.
N.Məmmədli