Sektor üzrə təhsil müəssisələrinin birinci toplantısı Bakıda keçirilib

 

Dövlət Turizm Agentliyi (DTA) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşkilatçılığı ilə keçirilən QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin birinci görüşü aprelin 23-də “Bakı Bəyannaməsi”nin qəbul edilməsi ilə yekunlaşıb.

DTA-dan bildirilib ki, bəyannamədə turizm təhsilinin müxtəlif istiqamətlərində, həmçinin tədqiqat və məlumat mübadiləsi, mədəni irsin təbliği, turizm innovasiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi niyyəti əksini tapıb.

Qeyd edək ki, iki gün (22–23 aprel) davam edən tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, həmçinin BMT-nin Dünya Turizm Təşkilatının nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov çıxış ediblər.

Tədbir çərçivəsində “Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: turizm təhsilində ən yaxşı təcrübələr”, “Kurikulum dizaynı: sabahın ehtiyacları üçün turizm təhsilinin təkmilləşdirilməsi” mövzularında panel diskussiyalar, həmçinin “Turizm təhsilində keyfiyyət təminatı və akkreditasiya” mövzusunda dəyirmi masa keçirilib.