Aprelin 22-də Milli Azərbaycan Tarixi Muzeyində yeni ekspozisiyanın təqdimatı keçirildi.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları, mədəniyyət və elmi ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Milli Azərbaycan Tarixi Muzeyi haqqında videoçarx nümayiş olundu. İştirakçılar muzeyin son 25 ildə işıq üzü görmüş nəşrlərindən ibarət sərgiyə baxdılar.

Tədbirdə çıxış edən muzeyin direktoru akademik Nailə Vəlixanlı yeni ekspozisiya haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, ekspozisiya Azərbaycan tarixinin bütün dövrlərini əhatə etməklə yerli və xarici ziyarətçilərə ölkəmizin çoxəsrlik keçmişini, məişətini və mədəniyyətini daha dərindən tanımaq imkanı verir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında Prezident İlham Əliyevin  elm və mədəniyyətimizin inkişafına daim diqqət və qayğı göstərdiyini vurğuladı, Milli Azərbaycan Tarixi Muzeyində aparılan elmi araşdırmaların əhəmiyyətindən danışdı.

Çıxışlardan sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Qədim musiqi alətləri ansamblının ifasında konsert proqramı təqdim edildi.

Daha sonra qonaqlar muzeyin yeni ekspozisiyası ilə tanış oldular.

Qeyd edək ki, muzeyin yeni ekspozisiyası Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli sərəncamına uyğun olaraq qurulub. 2023-cü ilin əvvəlindən ekspozisiya zallarında işlərə başlanılıb. İş prosesində əvvəlkindən fərqli olaraq yeni ekspozisiyanın 1920-ci ilə qədər deyil, Zəfər və Böyük Qayıdış tarixi ilə tamamlanması qərara alınıb. 2023-cü ilin sonunda ekspozisiyanın bütün zallarında eksponatların müvafiq vitrinlərdə yerləşdirilməsi, iki dildə (Azərbaycan və ingilis) annotasiyaların, etiketajların hazırlanması başa çatıb. İnteraktiv masa və monitorlarda Azərbaycan tarixinin bütün dövrləri, eləcə də həmin dövrlərə aid eksponatlar haqqında məlumat yerləşdirilib.

Birinci və ikinci mərtəbələri əhatə edən yeni ekspozisiya Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin ekspozisiyası istisna olmaqla, ümumilikdə, 26 zaldan (1684 kvadratmetr) ibarətdir. Birinci mərtəbədə tarixin ən qədim çağlarından XIX əsrin əvvəllərinə qədər, ikinci mərtəbədə isə XIX əsrin ikinci yarısından indiyədək olan dövrə aid eksponatlar nümayiş olunur. Məkanın həcmi nəzərə alınaraq muzey fondlarından ekspozisiyaya 3910 eksponat təqdim olunub ki, bu da ümumi kolleksiyanın cəmi 2 faizini təşkil edir.

L.Azəri