Ermənistan Qazaxın dörd kəndini qaytarır
Xəbər verildiyi kimi, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalıların toplantısı keçirilib.
Görüş zamanı komissiyalar bir sıra məsələlər barədə razılığa gəliblər.
Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
Paralel olaraq, dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul müddətinədək başa çatdırılması barədə razılığa gəlinib. Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər həmin baza prinsipini əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər.
Əsasnamə təsdiq edildikdən sonra sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə də razılığa gəlinib.