UNESCO-nun Dünya Kitab və Müəlliflik Hüququ Günü mövzusu

 

Otuz ilə yaxındır ki, 23 aprel Dünya Kitab və Müəlliflik Hüququ Günü (World Book and Copyright Day) kimi qeyd olunur. UNESCO-nun 1995-ci ildə təsis etdiyi bu günün dünya ədəbiyyatı üçün xüsusi anlamı var.

23 aprel 1616-cı ildə dünya ədəbiyyatının üç tanınmış siması – ingilis şairi və dramaturqu Vilyam Şekspir, ispan yazıçısı Migel de Servantes və Peru yazıçısı İnka Qarsilaso de la Veqa vəfat edib. Əlamətdar gün onların xatirəsinə ehtiram olaraq təsis edilib.

Belə bir günün təsis edilməsi həm də kitablara və müəlliflərə dünya miqyasında ehtiramın göstəricisi, kitabların hər kəsə əlçatan olmasının təşviqidir.

Əlamətdar gün Azərbaycanda 1997-ci ildən qeyd edilir.

UNESCO ənənəvi olaraq hər il Dünya Kitab və Müəlliflik Hüququ Günü üçün mövzu elan edir. 2024-cü il üçün günün mövzusu “Yolunuzu oxuyun” (“Read Your Way”) kimi müəyyən edilib. Mövzu oxumaq həvəsinin formalaşmasında seçim və həzzin əhəmiyyətini vurğulayır.

Təşkilatın baş direktoru Odri Azulenin adından yayılan müraciətdə qeyd olunur ki, kitablar səyahətə və başqaları ilə qarşılaşmağa dəvətdir: hər yeni səhifə çevrildikdə gözlərimiz önündə başqa bir dünya görünür: “2024-cü il Dünya Kitab və Müəllif Hüquqları Günündə biz kitabların gücünü və gözəlliyini qeyd etmək istəyirik. Kitabların tam potensialını ortaya qoya bilməsi üçün onların dünyamızın dil müxtəlifliyini əks etdirməsi vacibdir. Bununla belə, hər bir yazılı dil özünəməxsus dünyagörüşünü, simvolları və dəyərləri ilə seçilir”.

Müraciətdə bildirilir ki, dil müxtəlifliyini dəstəkləmək və təşviq etmək BMT-nin prioritetlərindən biridir və təşkilatın elan etdiyi Yerli Dillərin Beynəlxalq Onilliyi (IDIL; 2022–2032) də bunun göstəricisidir. IDIL çərçivəsində UNESCO həm yerli, həm də regional dillərdə kitabların nəşrinə dəstək verir, o cümlədən Afrikada kitab sənayesini, xüsusilə gənclər üçün kitablara həsr olunmuş sektoru dəstəkləyir.

Qeyd olunur ki, bu ilin mayında Rabatda (Mərakeş) keçiriləcək Beynəlxalq Nəşriyyat və Kitab Sərgisində UNESCO-nun siyahısına salınmış mədəni irslər haqqında nəşrin təqdimatı da olacaq. UNESCO savadlılıq təhsilini gücləndirmək və müəllif hüquqlarının və ifadə azadlığının qorunmasını təşviq etmək üçün nəzərdə tutulmuş Dünya Kitab Paytaxtları Şəbəkəsi vasitəsilə nəşriyyat sektorunu və mütaliə gücünü dəstəkləyir.

Diqqətə çatdırılır ki, Strasburq (Fransa) şəhəri 2024-cü ilin “Dünya kitab paytaxtı” elan edilib. Məqsəd kitabları həm dövrümüzün ekoloji problemlərini çatdırmaq, həm də əlaqəli elmi bilikləri paylaşmaq üçün üstünlük verilən vasitəyə çevirməkdir.

Xatırladaq ki, 2023-cü ildə UNESCO Qana Respublikasının (Afrika) paytaxtı Akkra şəhərini “Dünya kitab paytaxtı” elan edilmişdi. 2025-ci ildə isə bu missiyanı Braziliyanın Rio-de-Janeyro şəhəri qəbul edəcək.

Müraciətdə müəllif hüquqlarının önəmi də vurğulanır: “Ümumiyyətlə, biz müəlliflərdən başlayaraq kitab sənayesi ilə məşğul olan bütün şəxslərin ədalətli mükafatlandırılmasını dəstəkləməyə sadiqik. Axı hər bir kitabın arxasında onun yaranmasına səbəb olan bütöv bir nou-hau və bacarıqlar zənciri dayanır. Bu gün UNESCO sizi təkcə mütaliə və mədəniyyəti qeyd etməyə deyil, həm də onlara dəstək olmaq öhdəliyi götürməyə dəvət edir”.