Madriddə azərbaycanlı gənc rəssamların sərgisi

 

Azərbaycanın İspaniyadakı Səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin (GSPRM) birgə təşkilatçılığı ilə Madriddə azərbaycanlı gənc rəssamların “Art of Cultural Diplomacy” (“Mədəni diplomatiya sənəti”) adlı sərgisi açılıb.

Sərginin açılışında Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev çıxış ediblər.

“Dirçəliş” GSPRM-in direktoru İslam Baxşəliyev indiyə kimi müxtəlif ölkələrdə sərgilər keçirdiklərini bildirib: “İspaniyada keçirilən sərgi sayca 25-ci sərgimizdir. Məqsədimiz Azərbaycan mədəniyyətini təbliğ etmək, dünyada sülh və əmin-amanlıq olmasını, ispan və Azərbaycan gəncləri arasında mədəniyyətlərarası dialoqu inkişaf etdirməkdir”.

Tədbirdə Türkiyə, Macarıstan, Rumıniya, Albaniya, Gürcüstan və digər ölkələrin diplomatları, yerli sənətsevərlər iştirak ediblər.

Sonda səfir Ramiz Həsənov iştirakçı rəssamlara sertifikatlar təqdim edib. Sərgiyə aprelin 26-da yekun vurulacaq.