“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yaydığı məlumatda bildirilir ki, aprelin 27-dən etibarən vətəndaşlar fərdi minik avtomobillərilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsi ilə bərabər, Laçın şəhərinə də səfər edə biləcəklər.
Vətəndaşlar səfər üçün icazəni 26 aprel tarixindən başlayaraq, “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər” yolu və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkün olacaq.