Bölgələrdə 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə müxtəlif tədbirlər keçirilib.

Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası şəhərin Səməd Vurğun adına istirahət parkında “Unutma! Hər sirrin açarı kitablardadır!” adlı səyyar sərgi açıb.

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən oxu zalında “Kitablar tariximizin əbədi yaddaşıdır” adlı tədbir keçirilib. Çıxışlarda 1995-ci ildə UNESCO tərəfindən təsis olunan bu günün əhəmiyyətindən söz açılıb. Sonda sərgiyə baxış keçirilib.

Tovuz rayon Mərkəzi Kitabxanasında “Kitab böyük müəllimdir” mövzusunda məlumat saatı təşkil edilib. Sonda kitab sərgisinə baxış olub.

Siyəzən rayon Mərkəzi Kitabxanası əlamətdar gün münasibətilə açıq havada kitab sərgisi təşkil edib.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında NMR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə yazarlar, kitabxana əməkdaşları və tələbələr iştirak ediblər. Nazirliyin əməkdaşı Aygün Heydərli, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin müəllimləri – dosentlər Aypara Behbudova və Nəzakət İsmayılova əlamətdar günün tarixindən və əhəmiyyətindən danışıblar.

Sumqayıt Gənclər Kitabxanası və Laçın rayonu Cicimli kənd tam orta məktəbinin (Sumqayıt şəhəri) kitabxana əməkdaşları isə “Mütaliə mənəvi zənginlikdir” və “Yaş ötdükcə gəncləşən Sumqayıt” başlıqları altında sərgi təşkil ediblər.

N.Məmmədli