Naxçıvan Dövlət Universitetində (NDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və muxtar respublikanın 100 illik yubileyi münasibətilə bədii yaradıcılıq müsabiqə-festivalı keçirilib.
Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov layihə haqqında məlumat verib. Deyib ki, müsabiqə-festival gənclər arasında vətənpərvərliyi, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti təbliğ etmək məqsədilə təşkil olunur.
Sonra tələbələr musiqi, bədii qiraət və rəqqaslıq üzrə istedad və bacarıqlarını nümayiş etdiriblər. Onların çıxışı Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimləri – şair Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev və Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəslidən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Bildirilib ki, müsabiqənin qalibləri may ayında elan olunacaq və konsert keçiriləcək.
Universitetin kitabxanasında Baba Vəziroğlu ilə, İncəsənət fakültəsində Hafiz Quliyevlə, NDU-nun Musiqi Kollecində isə Təranə Muradova və Arslan Növrəsli ilə görüşlər keçirilib, ustad dərsləri təşkil olunub.