“Yelo Bank” ASC ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə bankdan məlumat verilib.
İmzalanma mərasimində “Yelo Bank”ın Müşahidə Şurasının sədri və əsas səhmdarı olan Marina Kulişova və Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov iştirak ediblər.
Müqavilədə mədəniyyətə, incəsənətə dəstək və Azərbaycanın mədəni mənzərəsinin zənginləşdirilməsinə yönəlmiş bir sıra əməkdaşlıq təşəbbüsləri əksini tapıb.
Bu əməkdaşlıq çərçivəsində “Yelo Bank” teatra maliyyə dəstəyi verəcək, il ərzində tamaşaların və mədəni tədbirlərin keçirilməsinə şərait yaradacaq. O cümlədən teatrın orkestri üçün yeni musiqi alətləri və “Toska”, “Traviata” operaları üçün İtaliyadan dekorasiyaların alınmasına dəstək göstəriləcək.