Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məsciddə görülən işlər barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, Ağdam şəhərindəki Cümə məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868–1870-ci illərdə tikilib. Şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu müddətdə Cümə məscidi ermənilər tərəfindən yandırılaraq vandalizmə məruz qalmışdı. Bərpa layihəsi çərçivəsində Ağdam Cümə məscidi əvvəlki görkəminə qaytarılıb.
2022-ci ilin martında başlanan konservasiya və restavrasiya işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. “PAŞA Holdinq” şirkətinin dəstəyi ilə aparılan bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər, Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti də cəlb olunub.
Məscidin eyvan divarlarında daş və birləşmələr qeyri-təbii materiallardan təmizlənərək bərpa olunub, həmçinin bünövrələrin möhkəmləndirilməsi işləri aparılıb. Qırıq minarə daşları bərpa olunub, taxta konstruksiyaların bərpası və konservasiya işləri görülüb.
Qeyd edək ki, işğal dövründə – 2000-ci il mayın 9-da ABŞ-nin ATƏT-in Minsk qrupundakı xüsusi nümayəndəsi səfir Keri Kavano tərəfindən Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim olunmuş Ağdam Cümə məscidinə aid daş parçası da burada nümayiş etdirilir.