Azərbaycan və Qırğızıstanın prezidentləri İlham Əliyev və Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçılarına layihə barədə məlumat verilib.

Bildirilib ki, Xıdırlı kənd tam orta məktəbinin inşası üçün 2,7 hektar ərazi ayrılıb. İki yerüstü və bir yeraltı mərtəbədən ibarət olacaq binada tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Azərbaycan və Qırğızıstanın tarixi dostluq təməlləri üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində məktəb binasının inşası da qardaş ölkənin xalqımıza hədiyyəsi olacaq.

***

Prezidentlər İlham Əliyev və Sadır Japarov aprelin 25-də Ağdama səfər zamanı Şahbulaq qalasında olublar.

Məlumat verilib ki, Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751–1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilib. Ermənilər 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.

Hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işləri aparılır. 12 hektar ərazi abadlaşdırılıb, inzibati bina, avtodayanacaq tikilib. Şahbulaq iqamətgahı, Şah Abbas məscidi, restoran, hotel kompleksi, söhbətgahlar, tədbir meydançası və s. yaradılıb.

***

Dövlət başçıları Ağdam Konfrans Mərkəzi ilə də tanış olublar.