Azərbaycan Milli Kitabxanası ədəbiyyatşünas-alim, professor, Əməkdar elm xadimi, Mir Cəlal Paşayevin həyat və yaradıcılığını özündə əks etdirən “Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev” adlı virtual sərgi və “Mir Cəlal Paşayev” adlı elektron məlumat bazası yaradıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, ədibin əsərləri, ədəbi və ictimai fəaliyyəti haqqında nəşr olunan müxtəlif dillərdə kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar təqdim olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Mir_Celal/index.htm linkindən istifadə edə bilərlər.

Elektron məlumat bazasında isə “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Mir Cəlal haqqında”, “Mir Cəlalın müdrik kəlamları”, “Mir Cəlal görkəmli şəxslər və ədəbiyyatımız haqqında”, “Mükafatları”, “Mir Cəlal dünya kitabxanalarında”, “Əsərləri“, Haqqında (kitablar, məqalələr, dissertasiya və avtoreferatlar)” və bir sıra materiallar nümayiş olunub.

Məlumat bazası ilə https://anl.az/el/emb/MirCelal/index.html linki vasitəsilə tanış olmaq mümkündür.

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədib, pedaqoq Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən “Ziyarətə çevrilmiş ocaq” adlı virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan bildirilib ki, hazırlanan materialda Mir Cəlalın pedaqoji və alimlik fəaliyyətinə geniş yer verilib.

Virtual sərgidə Mir Cəlalın müəllifi olduğu və görkəmli ədib haqqında qələmə alınan “Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab", “Mirzə Ələkbər Sabirin sənət dünyası”, “Füzuli sənətkarlığı”, “Ədəbiyyatda romantizm”, “Mir Cəlalın milli idealları”, “Mir Cəlalın poetikası” kimi kitabların qısa annotasiyası, əsərlərinin motivləri əsasında çəkilən “Bir ailə”, “Nazik mətləb” filmləri haqqında məlumat verilir, ekran əsərlərindən fraqmentlər təqdim edilir.

Materialda Mir Cəlal Paşayev haqqında dövri mətbuatda işıqlandırılan “Bədii sadəlik və mənəvi alilik”, “Ədəbiyyat tarixçiliyimizi yaradanlar – Mir Cəlal”, “Mir Cəlal Paşayev-yazıçı, alim, pedaqoq” kimi məqalələr də sərgilənməkdədir.

Mir Cəlal Paşayev haqqında hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/mir-celal-pasayev-116 yerləşdirilib.