Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev “Məktəbdə...” layihəsinin qonağı olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, layihənin növbəti görüşü paytaxtdakı 32 nömrəli tam orta məktəbdə keçirilib.
Qonaq təhsil ocağına daxil olarkən özünün məktəb illərini xatırlayaraq nostalji hisslər yaşadığını dilə gətirib, həyatda qazandığı uğurlarda müəllimlərinin əvəzsiz rolundan söz açıb.
Azərbaycan kinosunun keçdiyi inkişaf yolu barədə danışan R.Balayev oynadığı ilk rollardan, xalq qəhrəmanı Babək, böyük filosof şair Nəsiminin obrazlarının ona qazandırdığı tamaşaçı sevgisindən bəhs edib. Qəhrəman obrazını yaratmaq üçün aktyordan tələb olunan keyfiyyətlərdən söz açan sənətkar Qarabağ Zəfərini qazanan qəhrəman oğullardan bəhs edən mükəmməl ekran əsərlərinin də yaranacağına əminliyini ifadə edib.
Yeniyetmə və gənclərə tövsiyələrini verən qonaq hansı sənətə, peşəyə yiyələnmələrindən asılı olmayaraq, ilk növbədə, Vətəni sevməyi, ona ləyaqətlə xidmət etməyi arzulayıb, məktəbliləri düşündürən sualları cavablandırıb.
IX sinif şagirdi Məhəmmədemin Nəbizadənin səsləndirdiyi Babəkin monoloqunu alqışla qarşılayan R.Balayev istedadlı gənclərin yetişməsindən məmnunluğunu dilə gətirib.