Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq aprelin 25-də Abdulla Şaiqin Mənzil-Muzeyi və Hüseyn Cavidin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə müasir dövrümüzdə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda “Narkotik asılılığına son!” adlı tədbir olub.
Abdulla Şaiqin Mənzil-Muzeyindən bildirilib ki, məclisin keçirilməsində məqsəd gənclərə əsrin bəlasını tanıtdırmaq, onları narkomaniya əleyhinə mübarizə və sağlam həyat tərzi mövzusunda maarifləndirməkdir.
Hüseyn Cavidin Ev-Muzeyinin direktoru Gülbəniz Babaxanlı çıxış edərək valideynlərin narkotik asılılığına qarşı mübarizədə ən mühüm rola malik olduğunu deyib: “Onlar övladları ilə dost münasibəti qurmalıdırlar ki, övladlar qarşılaşdığı problemləri, üzləşdiyi çətinlikləri bildirsinlər. O zaman bu bəladan uzaq olmaq, gəncləri qorumaq mümkündür”.
Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Əzizağa Nəcəfzadə asılılıq yaradan və insanın sağlamlığına zərər vuran istənilən vərdişin haram sayıldığını qeyd edib. O, dahi ədib Füzulinin “Bəngü-Badə” (Tiryək və Şərab) alleqorik və satirik əsərindən kiçik bir səhnəni misal gətirib və bir gəncin faciəsindən danışıb.
Abdulla Şaiqin Mənzil-Muzeyinin kiçik elmi işçisi Fəridə Məmmədova çıxışında canlı ünsiyyətin vacib əhəmiyyətindən bəhs edib, narkotik asılılıqdan çıxış yollarından biri kimi maariflənmə və kommunikasiyanı göstərib.
STEP Reabilitasiya Mərkəzinin rəhbəri İlqar Xəlilov çıxışında mərkəzin müalicə yanaşmasından ətraflı şəkildə danışıb. Vurğulayıb ki, müalicə zamanı əsas rol valideynlərin və ailənin üzərinə düşür və xəstələrin müalicəsi prosesində mənəvi dəstək mühüm əhəmiyyətə malikdir.
Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə gənclərə üz tutaraq deyib:“Siz bizim gələcəyimizsiniz! Özünüzü, yaxın çevrənizi pis vərdişlərdən qoruyun ki, gələcəyimiz də sağlam olsun, sağlam cəmiyyət yetişsin. Gələcəyimiz sizin əlinizdədir və sizə əmanətdir”.