Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli kitabxana filialında Birinci Qarabağ müharibəsi zamanı qəhrəmanlıq göstərmiş döyüşçü Vəfa Dəmirçioğlunun (Vəfa Dəmirçi qızı Mansurova; 1966–1997) xatirəsinə həsr edilmiş “İzi qalanlar” adlı anım tədbiri keçirilib.
Öncə Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə iştirak edən tanınmış diktor, Xalq artisti Eldost Bayram, qazi İsa Musayev, jurnalistlər, gənc şairlər və digərləri çıxış edərək gənc nəslin tərbiyəsində belə tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu bildiriblər. Vəfa Dəmirçioğlu kimi qəhrəmanların yolunun nəsildən-nəslə örnək olaraq yaşayacağı, onların işıqlı xatirələrinin hər zaman yad ediləcəyi vurğulanıb.
Kitabxananın əməkdaşı, Vəfa Dəmirçioğlunun bacısı Zərəngiz Mansurova onun döyüş yolundan söhbət açıb, xatirəsinə həsr etdiyi şeiri oxuyub. Sonda şəhidlərə həsr edilmiş şeirlər qiraət olunub.