Azərbaycan və Türkiyə kuklaçılarını bir araya gətirən III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı keçirilir.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO üzrə Türkiyə Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), TRT telekanalı və digər qurumların təşkilatçılığı ilə gerçəkləşir.

Festivalın məqsədi müxtəlif ölkələrdən olan kuklaçıları bir araya gətirməklə onların milli kukla teatrı və oyun ənənələrini təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır.

 Festivalın açılış mərasimi aprelin 22-də Türkiyənin paytaxtı Ankara şəhərində olub. Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi və bu təşkilata üzv ölkələrin Dövlət Teatrları İdarə Heyətinin koordinatoru Elçin Qafarlı qonaqları qurumun rəhbəri Sultan Raevin adından salamlayıb. Bildirib ki, TÜRKSOY uşaqlarla bağlı belə layihələrə hər zaman dəstək verir və bundan sonra da öz dəstəyini əsirgəməyəcək: “Teatrda tamaşaçı qazanmaq uşaq yaşlarından başlayır. Kukla teatrları sayəsində yeni nəsil tamaşaçıları yetişdirir. Bir millət iki dövlət olaraq layihənin Azərbaycanda da davam etməsindən qürur hissi duyuruq”.

Qeyd edək ki, aprelin 22-dən 26-dək Ankaranın teatr və sənət mərkəzlərində qonaq ölkələr kukla tamaşaları ilə çıxışlar ediblər. Festivala Azərbaycanla yanaşı, Almaniya və İtaliyadan kukla teatrları, eləcə də müxtəlif ölkələrdə kukla və uşaq teatrları ilə məşğul olan sənətçilər qatılıb.

Aprelin 23-də Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri Ankaradakı Yunus Əmrə Mədəniyyət Mərkəzində “Məlikməmməd” tamaşasını göstəriblər. Festival marafonu 27–28 apreldə İstanbulda davam edib və Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti İstanbulda da səhnəyə çıxıb.

Festivalın son dayanacağı isə Bakı şəhəri olacaq. 29 aprel – 2 may tarixlərində paytaxtımızda qonaq olacaq Türkiyə Qaragöz kukla teatrının yaradıcı heyəti Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində çıxışlar edəcək. Türkiyəli qonaqlar kukla sərgisi və kuklaların hazırlanma prosesini əks etdirən seminar-təqdimatlar keçirəcəklər.

Mehparə Sultanova
Ankara