Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub.

Prezident bildirib ki, Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır. Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir.
“Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Biz bu müsbət tendensiyaları, mədəni dialoqu və mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar əsrlərdən gələn nemətdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.