Xəbər verdiyimiz kimi, mayın 1-3 may tarixlərində Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
“Bakı Prosesi” çərçivəsində Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.
Mədəniyyət naziri Adil Kərimli Forum çərçivəsində İordaniya şahzadəsi xanım Dana Firas və Səudiyyə Ərəbistanının mədəniyyət naziri – Təhsil, Mədəniyyət və Elm üzrə Milli Komitənin sədri Şahzadə Bədr bin Abdullah bin Fərhan ilə görüşüb.
Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında müxtəlif sahələrdə yaxşı əlaqələrin qurulduğunu diqqətə çatdıran nazir mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların və hüquqi bazanın mövcud olduğunu deyib. Bildirib ki, 2019-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyi ilə İordaniya Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. 2010-cu ildə İordaniyada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Ölkəmizdə təşkil edilən bir sıra beynəlxalq incəsənət layihələrində İordaniya da təmsil olunur.
Adil Kərimli deyib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının rəhbərləri arasında mövcud olan səmimi dostluq münasibətləri əməkdaşlıq əlaqələrinin inkişafına da öz müsbət təsirini göstərir. Bildirilib ki, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial var. Bu kontekstdə qarşılıqlı mədəniyyət günlərinin əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı şahzadə xanım Dana Firas və mədəniyyət naziri Bədr bin Abdullah bin Fərhan bu mötəbər tədbirdə iştiraklarından məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycan mədəniyyətlərarası dialoqa, həmçinin İslam həmrəyliyinə mühüm töhfələr verir, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrini daha da dərinləşdirir.
Görüşdə bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə də müzakirələrin təşkil edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.