Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Zamana sığmayan söz sərrafı: Məhəmməd Füzuli” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində təşkil edilib.
ATMU-dan bildirilib ki, tədbirdə çıxış edən Heydər Əliyev lektoriyasının rəhbəri professor Məhərrəm Zülfüqarlı Məhəmməd Füzulinin ədəbi-bədii irsinə böyük rəğbət bəslənildiyini diqqətə çatdırıb.
Universitetin rektoru İlham Mədətov çıxışında Məhəmməd Füzulinin insana dərin məhəbbət aşılayan çoxcəhətli bədii-fəlsəfi irsini mütəfəkkirin Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş olunan mənəvi sərvəti kimi qiymətləndirib. Böyük şairin anadilli poeziyamızın mükəmməl nümunələrinin yaradıcısı olduğunu deyən rektor Azərbaycan ədəbi dilinin zənginləşməsində onun müstəsna rolundan ətraflı bəhs edib. Füzulinin yubileyinin vaxtilə UNESCO tərəfindən beynəlxalq səviyyədə keçirildiyini xatırladan rektor 30 il əvvəl müstəqil Azərbaycanda ölməz şairin 500 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsini mədəniyyət və sənət bayramı səviyyəsində tarixiləşdiyini diqqətə çatdırıb.
Tədbirdə “Məhəmməd Füzuli yaradıcılığına nəzər”, “Məhəmməd Füzuli yaradıcılığının folklor qaynaqları”, “Məhəmməd Füzuli lirikası” mövzusunda məruzələr dinlənilib. Tələbələrin ifasında şairin qəzəlləri səsləndirilib. Sonda “Leyli və Məcnun” operasından bir parça nümayiş olunub.