Azərbaycan
2 may 1913 – Əməkdar artist Məmməd Əhməd oğlu Sadıqov (1913 – 28.5.1987) Bakıda doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.
2 may 1916 – Əməkdar artist Ətayə Qulam qızı Əliyeva (1916 – 6.4.1995) Aşqabadda anadan olub. 1934-cü ildə Bakıya gələrək Teatr Texnikumuna daxil olub. İrəvan, Gəncə teatrlarında, Akademik Dram Teatrında çıxış edib. Çəkildiyi filmlər: “Onu bağışlamaq olarmı?”, “Bizim küçə” və s.
2 may 1916 – Əməkdar artist Mənsurə Vahab qızı Cəfərova (1916 – 20.3.1997) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.
2 may 1927 – Azərbaycanın ilk peşəkar hərbi dirijoru, sənətşünaslıq namizədi Niyazi Əhməd oğlu Kərimov (1927–2003) Qəbələ şəhərində anadan olub.
2 may 1929 – Dilçi və ədəbiyyatşünas, Əməkdar elm xadimi Yusif Mirəhməd oğlu Seyidov (1929–2013) Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.
2 may 1939 – Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov (1939 – 24.4.2017) Bakıda doğulub. Muğamların tarixi və nəzəri problemlərinə dair kitabların müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub.
3 may 1857 – Yazıçı, tərcüməçi, teatrşünas Əsgər ağa Haqverdi bəy oğlu Gorani (Adıgözəlov; 1857–1910) Goranboy rayonunun Goran-Boyəhmədli kəndində doğulub. 1873-cü il martın 10-da milli peşəkar teatrın əsasını qoyan “Lənkəran xanının vəziri” tamaşasında baş rolu (Teymur ağa) oynayıb. “Qara yel” romanının müəllifidir.
3 may 1933 – Nəfəs alətlərində (klarnet, balaban, ney) virtuoz ifaçı Ələkbər Əsgərov (1933 – 29.8.1995) Bakıda doğulub. “Dügah” folklor instrumental ansamblının yaradıcısı olub.
3 may 1938 – Xalq artisti Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938 – 23.4.2008) Bakıda doğulub. Akademik Dram Teatrında çalışıb. “Atayevlər ailəsi”, “Alov” teletamaşalarında, “Dağlarda döyüş”, “Nəsimi” və s. filmlərdə yaddaqalan rollar oynayıb.
3 may 1940 – Xalq artisti, rejissor Zülfüqar Qulu oğlu Abbasov (1940 – 1.4.2022) Gürcüstanda, Borçalı bölgəsinin Yuxarı Saral kəndində anadan olub. Qazax Dram Teatrında işləyib, Mingəçevir Dram Teatrının baş rejissoru və direktoru olub.
4 may 1920 – Aşıq, şair Molla Cümə (1854–1920) vəfat edib. Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün öldürülüb.
4 may 1931 – Əməkdar incəsənət xadimi, rəssam Ağarəhim Cəbrayıl oğlu Əliyev (1931 – 24.11.2009) anadan olub. Sənədli və bədii filmlərin quruluşçu rəssamı olub, teatr tamaşalarına səhnə tərtibatı verib.
5 may 1856 – Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatın banisi Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə Məlikova-Abayeva (1856–1929) Şimali Qafqazın Nalçik şəhərində anadan olub. 1901-ci ildə Bakıda H.Z.Tağıyevin himayəsi altında fəaliyyətə başlayan Müsəlman qızlar məktəbinin direktoru olub.
5 may 1866 – Yazıçı-dramaturq Eynəli bəy Çölübəy oğlu Sultanov (1866–1935) Naxçıvanda doğulub. Naxçıvanda “Müsəlman incəsənəti və dram cəmiyyəti”nin yaradıcılarından olub.
5 may 1892 – İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə; 1892 – 13.10.1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Dövlət himnimizin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. V.Şekspirin “Otello”, “Romeo və Cülyetta” pyeslərini dilimizə çevirib. Repressiya qurbanıdır.
5 may 1894 – Əməkdar artist Əhməd Anatollu (Əhməd Muxtar oğlu Səfərov; 1894 – 7.4.1973) Bakıda doğulub. Akademik Dram, Musiqili Komediya teatrlarının aktyoru olub.
5 may 1899 – Əməkdar incəsənət xadimi, rəssam, qrafik Əmir Səhliəli oğlu Hacıyev (1899–1972) Şuşada anadan olub. Azərbaycan yazıçılarının bir çox əsərlərinə illüstrasiyalar çəkib.
5 may 1905 – Tanınmış ədəbiyyatşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov; 1905 – 18.8.1991) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.
5 may 1908 – İlk azərbaycanlı qadın kinorejissor Qəmər Əliqulu qızı Salamzadə (1908–1994) anadan olub. Şair Əliqulu Qəmküsarın qızıdır. “Səbuhi” (1941) filminin rejissor assistenti olub.
5 may 1910 – SSRİ Xalq artisti, rejissor, aktyor Ədil Rza oğlu İsgəndərov (1910 – 18.9.1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. Filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
5 may 1918 – Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi Mirəli Seyidov (1918 – 26.4.1992) İrəvanda doğulub. “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, “Azərbaycan xalqının soykökünü düşünərkən” və s. kitabların müəllifidir.
5 may 1920 – Rəssam, Əməkdar incəsənət xadimi Əbdülxalıq (Əbdülxalıq Əbdüəli oğlu Rzaquliyev; 1920 – 30.9.1988) Bakıda anadan olub.
5 may 1922 – Xalq artisti Ələddin Aslan oğlu Abbasov (1922 – 13.7.2014) Gəncədə doğulub. 1939-cu ildən Gəncə Dram Teatrında çalışıb. “Dəli Kür”, “Qatır Məmməd”, “Nizami”, “Qətl günü” və s. filmlərdə çəkilib.
5 may 1927 – Əməkdar incəsənət xadimi, qrafik-rəssam Bəyim Əzizbala qızı Hacızadə (1927–2017) Bakıda doğulub. Müxtəlif mövzularda linoqravüralar, “Xocalı” və s. əsərlərin müəllifidir.
5 may 1930 – Xanəndə, Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov (1930 – 5.7.2002) Ağcabədi rayonunda doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
5 may 1930 – Tanınmış xanəndə Nəriman Mövsüm oğlu Əliyev (1930 – 28.4.1998) Bakıda doğulub. Bir çox məşhur muğam ifaçılarının ustad-müəllimi olub.
5 may 2021 – Xalq şairi, Yazıçılar Birliyinin birinci katibi, Dövlət mükafatı laureatı Fikrət Göyüş oğlu Qoca (25.8.1935 – 2021) vəfat edib.
6 may 1900 – Xalq artisti Aleksandra Lavrentyevna Suvirova (1900–1962) Moskvada doğulub. Dövlət Rus Dram Teatrının aktrisası (1927–1959) olub.
6 may 1942 – Əməkdar artist, diktor Hicran Soltan oğlu Hüseynov (1942–2013) Qəbələ rayonunda anadan olub. 1971-ci ildən Azərbaycan Televiziyasında fəaliyyət göstərib.
Dünya
2 may 1903 – Özbək kinosunun yaradıcılarından biri, SSRİ Xalq artisti Kamil Yarmatov (1903–1959) anadan olub. “Əlişir Nəvai”, “İbn Sina” filmlərinə quruluş verib.
2 may 1911 – Tacikistanın Xalq şairi Mirzo Tursunzadə (1911–1977) anadan olub. Əsərlərini tacik və rus dillərində yazıb.
3 may 1910 – Rus şairi, yazıçı Olqa Berqols (1910–1975) anadan olub. 1941–1945-ci illər müharibəsində blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, “Leninqrad poeması”nı yazıb.
4 may 1929 – İngilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston; 1929–1993) anadan olub.
5 may 1846 – Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1905) Henrik Senkeviç (1846–1916) anadan olub. Əsərləri: “Quo vadis” (“Hara gedirsən?”), “Girdab”, “Polonetskilər ailəsi” və s.
6 may 1856 – Dünya ədəbiyyatı və mədəniyyətində iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (Sigmund Freud; 1856–1939) anadan olub.
6 may 1867 – Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1924) Vladislav Reymont (1867–1925) anadan olub. “Kişilər” romanı, “1794” tarixi trilogiyası və s. əsərlərin müəllifidir.
6 may 1922 – SSRİ Xalq artisti Vladimir Abramoviç Etuş (1922 – 9.3.2019) anadan olub. 30-dan çox filmdə çəkilib. Uzun illər Şukin adına Teatr Məktəbinə rəhbərlik edib.
Hazırladı: V.Orxan