Olaylar, faktlar (1 – 5 may)
3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür. 1991-ci il mayın 3-də Namibiyada keçirilən beynəlxalq forumda dünya dövlətlərini mətbuat azadlığını təmin etməyə çağıran “Vikhduk Bəyannaməsi” imzalanıb. 1993-cü ildə BMT Baş Assambleyasının qətnaməsi ilə bu gün təsis olunub.
5 may Azərbaycanda “Xalçaçı günü”dür. Prezident İlham Əliyev 2016-cı il mayın 5-də “Azərxalça” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Dövlət başçısının 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə 5 may “Xalçaçı günü” peşə bayramı kimi təsis edilib.
156 il əvvəl...
2 may 1868-ci ildə rus qoşunları Səmərqəndə daxil olublar, indiki Özbəkistanın bir hissəsi Rusiya imperiyasına birləşdirilib.
135 il əvvəl...
1 may 1889-cu ildə Parisdə II İnternasionalın konqresində 1 mayın “Dünya zəhmətkeşlərinin həmrəyliyi günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Qərar 1886-cı ilin mayında ABŞ-nin Çikaqo şəhərində 8 saatlıq iş günü tələbi ilə etiraz aksiyası keçirən və buna görə güllələnən fəhlələrin xatirəsinə həsr olunmuşdu.
106 il əvvəl...
1 may 1918-ci ildə “Bakı Komissarları Soveti”nin qoşunları Qubaya hücum edib. Amazaspın başçılıq etdiyi dəstələr qırğınlara başlayıb. Quba bölgəsində ümumilikdə 3 minədək insan qətlə yetirilib.
104 il əvvəl...
5 may 1920-ci ildə Azərbaycanda bolşevik hökuməti – Müvəqqəti İnqilab Komitəsi bütün xan, bəy və vəqf torpaqlarının müsadirə olunaraq əvəzi ödənilmədən kəndlilərin istifadəsinə verilməsi barədə qərar qəbul edib. Üstündən bir neçə il ötəndən sonra həmin torpaqlar kəndlilərdən zorla geri alınaraq kolxoz təsərrüfatlarına verildi.
75 il əvvəl...
5 may 1949-cu ildə Avropa Şurası yaradılıb. Londonda keçirilən mərasimdə təşkilatın nizamnaməsini 10 dövlət – Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Danimarka, İrlandiya, Lüksemburq, Niderland, Norveç, İsveç imzalayıb. Sonrakı illərdə təşkilatın sıraları genişlənib. Hazırda üzv sayı (2022-ci ildə Rusiya təşkilatdan çıxandan sonra) 46-dır. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Təşkilatın mənzil-qərargahı Fransanın Strasburq şəhərindədir.
60 il əvvəl...
1 may 1964-cü ildə Türkiyədə qəbul olunan xüsusi qanunla dövlət radio və televiziya qurumu – TRT yaradılıb. Ölkənin ayrı-ayrı şəhərlərində radio yayımı 1920–30-cu illərdə başlamışdı. 1965-ci ildən TRT bütün ölkəni əhatə edən proqramlı yayıma keçib. 1968-ci ildə TRT-nin televiziya yayımı başlanıb. 1986-cı ilədək TRT ölkənin yeganə telekanalı olub.
Hazırladı: V.Orxan